Azərbaycan.media xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda Aİ-92 və dizel yanacağının qiymətinin hökumət tərəfindən müəyyənləşdirildiyini bildirərək, buna görə də qiymətlərin artıb-azalmasını əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını qeyd edib.
O, sonuncu qiymət dəyişikliklərini xatırladaraq bildirib ki, 2024-cü ilin 30 iyununda Aİ-92 10 qəpik, dizel isə 20 qəpik bahalaşıb. “Rəsmi açıqlamada bildirildi ki, dünyada neft qiymətinin artması səbəbindən bu addım atılıb – həmin vaxt “Brent” markalı neftin barreli 86 dollar idi. Bu gün isə qiymət 63 dollardır, yəni məntiqi ardıcıllıqla indi benzin və dizel ucuzlaşmalı idi. Gələn il üçün proqnozlar 55-65 dollar arasında “Brent” qiymətini göstərir, deməli hökumət qiymətləri artırmamalı, hətta bir qədər ucuzlaşdırmalıdır”, – N.Cəfərli vurğulayıb.
Ekspert eyni zamanda qeyd edib ki, Azərbaycanda benzin və dizel qiymətləri dünya bazarlarından birbaşa asılı olmadığından, qiymətin necə dəyişəcəyini dəqiq söyləmək mümkün deyil.
