Azərbaycan.media xəbər verir ki, beynəlxalq tədqiqat platforması Numbeo tərəfindən açıqlanan son məlumatlara əsasən, dünyada mal ətinin qiymətləri ölkələr üzrə ciddi fərqlənir və Azərbaycan bu reytinqdə orta mövqedə qərarlaşıb.
Hazırda Azərbaycanda ərzaq mağazalarında 1 kiloqram mal ətinin orta qiyməti 17 manat 90 qəpik (10,53 ABŞ dolları) təşkil edir. Bu göstərici ilə ölkə 103 dövlət arasında 70-ci yerdədir.
Region ölkələri ilə müqayisədə qiymətlər arasında fərq nəzərəçarpacaq dərəcədədir. Belə ki, Türkiyə-də mal ətinin orta qiyməti 20,01 dollar (34,02 manat) olmaqla siyahıda 17-ci yerdə qərarlaşıb. Ermənistan-da bu rəqəm 12,28 dollar (20,88 manat) və 52-ci yer, Rusiya-da 10,90 dollar (18,50 manat) və 65-ci yer, Gürcüstan-da isə 9,78 dollar (16,63 manat) və 75-ci yer kimi qeyd olunub. Beləliklə, regionda ən ucuz mal əti Gürcüstanda, ən bahalısı isə Türkiyədə satılır.
Qlobal miqyasda isə ən yüksək qiymət İsveçrə-də qeydə alınıb – burada 1 kiloqram mal əti 45 dollardan (76,5 manat) baha satılır. Siyahının növbəti pillələrində Norveç (32,82 dollar), Lüksemburq (27,74 dollar), Cənubi Koreya (25,28 dollar) və Sinqapur (24,85 dollar) yer alır.
Ən ucuz mal əti isə Pakistan-da (4,68 dollar) qeydə alınıb. Bundan başqa, Nigeriya (4,73 dollar), Keniya (5,23 dollar), Hindistan (5,25 dollar) və Nepal (5,36 dollar) da ən ucuz ölkələr sırasındadır.
Araşdırma göstərir ki, mal ətinin qiyməti ölkələrin iqtisadi vəziyyəti, istehsal imkanları və idxal-asılılıq səviyyəsindən birbaşa asılıdır.
