🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səbinə Xosiyeva – qısa bioqrafiya və şeirlər

Azərbaycan.media xəbər verir ki, Xosiyeva Səbinə Yaşar qızı 15 avqust 1997-ci ildə Belarusun Minsk şəhərində anadan olmuşdur. Ümumi orta təhsilini Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbində, tam orta təhsilini isə Vüqar Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində almışdır.
2014-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olmuş, 2018-ci ildə ali təhsilini başa vurmuşdur. Hazırda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində müəllim kimi fəaliyyət göstərir.
Yaradıcılığa məktəb illərindən başlasa da, ilk kitabı 2019-cu ildə işıq üzü görmüşdür. İkinci şeir kitabı isə 2024-cü ildə çap olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2026-cı ildə Prezident mükafatına layiq görülmüşdür.
Şeirləri ölkə hüdudlarından kənarda da maraqla qarşılanır. Belə ki, onun yaradıcılığı Türkiyə, İran, Özbəkistan və digər ölkələrin ədəbi sayt və jurnallarında mütəmadi olaraq dərc olunur.
Azərbaycan.media saytı istedadlı gənc şairənin yeni şeirlərini “Gənc istedadlılar” rubrikasında təqdim edir.

 

 

Darıxır ✍️

 

Darıxır hər gecə bir halı pərişan, darıxır,
Yenə bir can qalıb hicrində nigaran, darıxır.

Dolanır xatirələr boynuma qollar sayağı,
Nəfəsinçün ürəyim gizlicə hər an darıxır.

Sığışıb bir gilə göz yaşıma dəryaca fəraq,
Baxaraq damlaya qibtəylə bir ümman darıxır.

Bu dəli aşiqinin halını hərdən xəbər al,
De ki, məndən ötəri hardasa bir can darıxır.

Sən gedən yollara həsrətlə baxan gözlərimin,
Bəbəyində alışan od kimi hicran darıxır.

Ruhumu çəkdi dara həsrətin, ey sevgili yar,
Elə bil vermək üçün canını qurban darıxır.

Dəli eşqinlə vuran nəbzimə loğman da baxıb,
Dedi: dərman buna neylər ki, bu insan darıxır!

Ürəyin yansa da, gəl dərdi nihan tut, Səbinə,
Sevən insan susub içdən-içə pünhan darıxır.

**

Canım qurban, yorulmuşam, inan ki,
Can lazımdır bu həsrətə dayana.
Ağrın alım, dərdin alım, demişdim,
Sözmü vardı bu sözümdən o yana?

Nə dedimsə, eləmişəm, bilirsən,
Dərdin aldım, ağrın aldım, əzizim.
Sən o vaxtdan günə çıxdın, mənimsə
Sapsarıdır aya bənzər bənizim…

Sevmək elə belə olub əzəldən:
Biri gedən, biri yanan tərəfdir,
Bir gerçəkçün biri neçə səhv edən,
Biri isə elə yalan tərəfdir…

**

Ömrümü süzgəcdən keçirdi illər,
Susdu qılınc kimi kəsən o dillər,
Külümün altından boy atdı güllər,
Bütün fəsilləri mən sərt yaşadım.

Qoymadım kimsələr görsün yaşımı,
Məğrurdum, dik tutdum hər an başımı,
Ucaltdım göyəcən səbir daşımı,
Qoyaraq qarşıma bir şərt yaşadım.

Zaman dar ağacı, illər qəfəsim,
Haqqın dərgahına ucaldı səsim,
Qələm ürəyimdir, kağız nəfəsim,
Dünyanın qəmi ilə həmdərd yaşadım.

Nə yaxşı bu ömrü boşa vermədim,
Nə yaxşı rəngbərəng min dərd yaşadım.
Nə vaxt üzüm gülüb, halal xoşumdur,
Şükür ki, hər şeyi mən mərd yaşadım.

**

Bütün unudulmuş əlifbalarla susdum sənə,
Misir heroqliflərinin daşlaşmış sirri ilə,
Maya tayfalarının yandırılmış tumarları ilə,
Silinmiş Brayl şriftinin kor qaranlığı ilə —
Oxumadın heç birini.
Bütün ağrı növlərində sınağa çəkdim yoxluğunu,
Barmağı kəsən kağızın qəfil giziltisində,
Donvurmadan ayılan bədənin sümük sızıltısında,
Kəsilib atılmış bədən üzvünün xəyali sancısında…
Sızlamadın heç birində.
Bütün zaman ölçülərində yubandım sənə,
Qum saatının tıxanan boğazında,
İşıq ilinin milyard illik gecikməsində,
Ölən adamın dayanan qol saatında…
Rastlaşmadıq heç birində.
Bütün yerüzü fəlakətlərinə atdım xatirəni,
Qurumuş Aral dənizinin duzlu dibinə,
Xirosimanın divarlara hopmuş insan kölgələrinə,
Çernobılın tərk edilmiş uşaq meydançasına…
Heç biri qorxunc olmadı gedişinin səssizliyindən…
İndi
qanqren olmuş bir yaraya
vurulan sonuncu keyləşdirici qədər hissizəm.
Kimsəsizəm, səssizəm…
Azca qalıb ölümümə deyəsən,
Mən hələ də “heroqlifəm”, “Braylam”,
sənsizəm…

**
Yenə kimsə saçlarına toxundu,
Yenə kimsə taleyimlə oynadı .
Gözüm dolcaq qəhərləndi buludlar,
Yağacaqdı, külək əsdi qoymadı …

Yenə kimsə əllərinə toxundu ,
Yenə tutdu əllərimin əsməsi .
Səssizliyin ürəyimi doğrayır ,
O kimdisə ,de sözünü kəsməsin.

Yenə kimsə ürəyinə toxundu ,,
Bilmirdinmi vəfa yoxdur çoxunda ?
Yenə şükür unutqansan, əzizim ,
Bu da keçər ,unudarsan yaxında…

O gün uşaqlığın son gecəsiydi,
Atam evimizdən çıxıb gedirdi .
Rəngbərəng, min cürə körpə arzunu ,
Qara çamadana yığıb gedirdi…

Tutdu qardaşımla mənim əlimdən,
Üz tutduq biz üzü asfalta tərəf .
Küçədə dayanan qırmızı taksi ,
Sanki ürəyimi almışdı hədəf…

Çevirdim üzümü atama tərəf ,
Sığal çəkdi sağ tərəfdən başıma .
Başımın sağından bir ağrı tutdu ,
O ağrı çox idi 9 yaşıma …

Guya ki Bakıya gedirdi zalım,
Bakını mən uzaq bilmirəm, Allah
Məni bağışlasın günahsız şəhər,
O gündən Bakını sevmirəm ,Allah.

Buludtək anamın qonur gözləri ,
Kirpiyi altında yağış saxladı .
İllər qar ələdi qara zülfünə ,
Onu da atamdan naxış saxladı.

Sonra aylar-illər qovdu bir-birin ,
Beləcə on yeddi yaşıma gəldim.
O qədər qorxurdum ümidim ölər,
İlahi ,qorxduğum başıma gəldi .

Bir xəbər eşitdim uzaq şəhərdən,
O şəhər hardadır,o şəhər harda ,
Dedilər bir qəza keçirib atan ,
Elə öz canını tapşırıb orda …

Dedilər əlləri görməli deyil,
Sınmış barmaqları ələ gəlmədi .
Başım sağ tərəfdən əlində idi ,
O gündən başım da ələ gəlmədi…

Yenə xatirələr dağıldı evə ,
Al qana boyandı qəlbdə sarğılar.
Nə olar bu köçü yığışdır ,Allah
Başımın sağında güclü ağrı var…

 

Hazırladı: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media