Azərbaycan.media xəbər verir ki, Nazirlər Kabineti “İstilik enerjisindən istifadə Qaydaları”nı təsdiq edib.
Qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin proseslər birbaşa, poçt və ya elektron poçt vasitəsilə icra olunacaq.
Eyni zamanda, qaydalarda nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində obyektlərin şəbəkəyə qoşulması ilə bağlı layihə və texniki şərtlərin verilməsi üçün şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Bundan başqa, Azəristiliktəchizat ASC müvafiq informasiya sisteminin formalaşdırılmasını 9 ay müddətində təmin etməlidir.
Qərara görə, hər il 1 noyabr – 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan ərazilər aşağıdakılardır:
Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala.
Qeyd edək ki, bu dəyişikliklər istilik təchizatı sahəsində prosedurların sadələşdirilməsi və elektron xidmətlərin genişləndirilməsinə yönəlib.
