🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kung-Fu Federasiyasında kadr dəyişiklikləri və yeni klub lisenziyaları təqdim olundu

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Kung-Fu Federasiyasının növbəti iclası keçirilib.

Toplantı zamanı bir sıra mühüm kadr təyinatları reallaşdırılıb. Belə ki, böyüklərdən ibarət Kung-Fu Sanda üzrə yığma komandanın baş məşqçisi vəzifəsinə Etiqad Atakişiyev təyin olunub. O, bu vəzifədə Ramin Allahverdiyevi əvəz edib.

Eyni zamanda, Çin döyüş sənətlərinin inkişafı istiqamətində Tao-Lu və Ci-Qun üzrə baş məşqçi vəzifəsi Rafət Əsədova, Taijiquan və Taijishan üzrə baş məşqçi postu isə Fatimə Məmmədovaya həvalə olunub.

İclas çərçivəsində regionlarda Kung-Fu idman növünün inkişafı məqsədilə yeni klub rəhbərlərinin təqdimatı da baş tutub. Muhammədəli İmişli klubuna Elşən Əhmədov, Biləsuvar üzrə Ramil Əsgərov, Şirvan şəhərində fəaliyyət göstərən “Nato Şampion” klubuna Rəşad Quliyev, İsmayıllı Kung-Fu İdman Klubuna isə Anar Həsənov prezident seçilib və onlara müvafiq sənədlər təqdim olunub.

Federasiyanın prezidenti Nurlan Aslanov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını, həmçinin Gənclər və İdman Nazirliyinin federasiyalara verdiyi dəstəyi vurğulayıb. Qeyd olunub ki, əsas məqsəd ölkədə idmanın inkişafı, gənclərin sağlam həyat tərzinə cəlb edilməsi və onların zərərli vərdişlərdən uzaq tutulmasıdır.

İclasda vitse-prezidentlər Babək Əliyev və Ehram Məcidov, Hakimlər Kollegiyasının sədri Güloğlan Cabbarov, eləcə də federasiyanın hüquq eksperti İsmayıl Zalov çıxış edərək yeni təyin olunan məşqçilərə və klub rəhbərlərinə uğurlar arzulayıblar. Onlar federasiyanın inkişafı naminə bundan sonra da səylərini davam etdirəcəklərini bildiriblər.

Fuad Biləsuvarlı 

Mənbə: Azərbaycan.media