🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Professor Qulu Məhərrəmli: ABŞ pilotunun İrandan xilas edilməsi Hollivud ssenarisini xatırladır

Azərbaycan.media xəbər verir ki, professor Qulu Məhərrəmli ABŞ-nin İranda vurulan F-15 döyüş təyyarəsinin ikinci pilotunun xilas edilməsini “Hollivud filmlərinin fantastik süjeti” ilə müqayisə edib.
Onun sözlərinə görə, hadisənin gedişi və pilotun İran ərazisinin dərinliklərindən – İsfahan yaxınlığından tapılaraq döyüş vertolyotu ilə çıxarılması son dərəcə mürəkkəb və riskli hərbi əməliyyat təsiri bağışlayır. Professor qeyd edir ki, həmin pilotun əsir götürülməsi ABŞ rəhbərliyi, xüsusilə də Donald Trump və Pentagon üçün ciddi siyasi və hərbi təzyiq yarada bilərdi.
Məlumata görə, F-15 döyüş təyyarəsi vurulduqdan sonra iki pilotun xilas edilməsi üçün ABŞ tərəfindən xüsusi hazırlıqlı 200 hərbçi cəlb olunub. Birinci pilot gündüz saatlarında, İran qüvvələrinin intensiv atəşi altında daha tez xilas edilib.
İkinci pilot isə yaralı vəziyyətdə dağlıq ərazidə 24 saatdan artıq sağ qala bilib. Fox News kanalının yaydığı məlumata əsasən, hər iki pilot qəza sonrası fövqəladə kommunikasiya qurğuları vasitəsilə ABŞ qüvvələri ilə əlaqə saxlaya biliblər.
ABŞ rəsmilərinin bildirdiyinə görə, pilotların axtarışına İranın SEPAH və Bəsic qüvvələri də qoşulub. Onların xilasetmə əməliyyatına mane olmaq cəhdləri isə ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib.
Atışmalar zamanı İran qüvvələri arasında itkilərin olduğu iddia edilir. Eyni zamanda, əməliyyat zamanı ABŞ-yə məxsus iki xilasetmə təyyarəsinin vurulduğu, heyət üzvlərinin yaralandığı, lakin sonradan onların da təhlükəsiz şəkildə ərazidən çıxarıldığı bildirilir.
Professor Qulu Məhərrəmli vurğulayır ki, bu əməliyyat hərbi tarixə düşəcək səviyyədə mürəkkəb və diqqətçəkici hadisə kimi qiymətləndirilə bilər. ABŞ Müdafiə Nazirliyi də bu xilasetmə planını fövqəladə hərbi əməliyyat kimi dəyərləndirib.

 

Mənbə: Azərbaycan.media