🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Cəlilabadda şəhid Əkbər Hüseynlinin adı küçəyə verildi

Azərbaycan.media xəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində Vətən müharibəsi şəhidi Əkbər Hüseynlinin adı küçələrdən birinə verilib.

Məlumata görə, bu barədə şəhidin əmisi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı məlumat paylaşıb. Bildirilib ki, kəndin Yuzev məhəlləsində yerləşən və uzunluğu təxminən 3 kilometr olan küçə artıq şəhidin adını daşıyır.

Qeyd edək ki, Əkbər Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. O, orta təhsilini Alar kəndində H.Əliyev adına 1 saylı məktəbdə alıb, daha sonra təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. 2019-cu ildə isə təhsilini yarımçıq qoyaraq könüllü şəkildə hərbi xidmətə yollanıb.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Əkbər Hüseynli Murov istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralansa da, silahdaşlarının təkidinə baxmayaraq mövqeyini tərk etməyib və mübarizəni davam etdirib. O, 27 sentyabr tarixində döyüş yoldaşları ilə birlikdə düşmənə qarşı irəliləyərək xeyli sayda canlı qüvvəni zərərsizləşdirib.

Əkbər Hüseynli Murov zirvəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, İlham Əliyev-in sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan.media