🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Professor Qulu Məhərrəmli: Zori Balayan mahiyyətcə Azərbaycan və erməni xalqlarının düşməni, ən böyük separatçı idi

Azərbaycan.media xəbər verir ki, erməni separatizminin, Qarabağ avantürasının və Azərbaycan türklərinə qarşı sistemli terrorun ideoloqlarından və təşkilatçılarından biri olan bədnam yazıçı Zori Balayan 91 yaşında vəfat edib.
Əməkdar jurnalist və professor Qulu Məhərrəmli bildirir ki, Balayan 1980-ci illərin əvvəllərində yazdığı və tarixi faktları sistemli şəkildə təhrif edən “Ocaq” əsəri ilə erməni ictimaiyyətində məşhurlaşmışdı. Bu əsərdə Balayan açıq şəkildə iddia edirdi ki, Qarabağ torpağı yalnız ermənilərə məxsusdur və bölgədə yaşayan türk əhalisi, xüsusilə azərbaycanlılar, tarixi düşmən kimi təqdim olunurdu. Balayan həmçinin əsərində, Azərbaycan türklərinin Rusiya və erməni maraqlarına qarşı olduğunu vurğulayaraq, tarixi manipulyasiya və qərəzli ideologiya yürüdürdü.
Ermənistan mediasında onun fəaliyyətini “erməni xalqına xidmət” kimi qiymətləndirənlər olsa da, tənqidçilər Balayanı sərt şəkildə qınamış, hətta ona qarşı “zdox” ifadəsi işlətmişdilər. Azərbaycanda isə Zori Balayan birmənalı olaraq hər iki xalqın düşməni, separatizmi qızışdıran və terror aktlarına dəstək verən bir şəxs kimi tanınır. Onun adı Xocalı soyqırımı ilə də bağlıdır. Qulu Məhərrəmli xatırladır ki, Balayan Xocalıda azyaşlı azərbaycanlı uşaqların dərisinin soyulması və qətli ilə bağlı epizodu öz kitabına daxil edərək, əslində insanlığa qarşı olan amansızlığını nümayiş etdirmişdir. Bu hərəkət onu Azərbaycanın yaddaşında qəddar, arsız və şərəfsiz bir fiqur kimi əbədi olaraq həkk etmişdir.
Qulu Məhərrəmli əlavə edir ki, Balayanın həyatı və fəaliyyəti yalnız şəxsi mənfəət və ideoloji qərəzlərlə deyil, eyni zamanda bölgədəki siyasi gərginliyi artırmaq və separatizmi dəstəkləmək məqsədi daşıyırdı. O, Qarabağda erməni icmasının siyasi taleyini öz maraqlarına uyğun manipulyasiya etməyə çalışmış, “Artsax” mifini yayımlayaraq reallığı təhrif etmişdir. Lakin tarixi proseslər göstərdi ki, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə və Zəfər, Balayanın illərdir yaydığı yalançı mifləri puç etdi.
Professor sonda onu da vurğuladı ki, Balayan uzun ömür sürməsinə baxmayaraq, Ermənistanın Qarabağ siyasətinin uğursuzluğunu, separatçılıq siyasətinin gətirdiyi faciələri və bölgədə yaşayan erməni icmasının “miatsum” siyasətinin acınacaqlı sonunu görmək imkanına malik olmuşdur. Bu baxımdan, Qorbaçov kimi Balayanın həyatı həm tarixdə, həm də müasir siyasətdə mənfi nümunə kimi qalacaq.

 

Mənbə: Azərbaycan.media