🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Həyat Şəminin yeni şeirleri

SƏNİ İLK GÖRDÜYÜM YER

 

Səni ilk gördüyüm bir Yer vardı,
Öz oxu ətrafında fırlanan,
Yaydan çıxan oxunu
İndi ürəyimdə gəzdirirəm.

Səni ilk gördüyüm bir yer vardı,
İşığı işıq deyildi ki, nur idi,
İndi o nuru balıq gözlərimdə
gecə-gündüz üzdürürəm.

Səni ilk gördüyüm bir səs vardı –
heç kimdə tapammıram…
O səsin gözündən keçirib
qulaqlarıma sırğa asdım busəni.

Səni ilk gördüyüm bir din vardı-
İmanı sən,
Peyğəmbəri sən.

Səni ilk gördüyüm bir gün vardı-
Gün çox dar idi, çox dar,
Darıxdım…

 

İSTANBUL SAATI  İLƏ

 

Eyni işləməz
gedənlə qalanın saatı.
Getdim…
Bir saat geri çəkdim həyatı…

 

 

QUM SAATI

 

Daşın da canı var, qumun da dişi,
Gəmirir ömrümü bu qum saatı.
Əqrəbə dönürdü boğazdan keçib,
Fikir tunelində uddum saatı.

Nə daşlar oynadı,  nə qum töküldü,
Sevgiylə hörülən divar kimiydim.
Sən məni göylərə qaldıracaqdın,
Əsirdim üstündə, hava kimiydim.

Gün gəldi, divara qondu ürəyin,
Ritmini könlümdə hiss eləyirdim.
Sənin gəlişinə qurub qəlbimi,
Zamanı saata hissələyirdim.

Vaxt keçir qoluma qandal olurdu,
Bəxtin boğazından axıb düşdükcə,
Süzülüb içimə töküldü hər şey,
Quyuya dönürdüm dərinləşdikcə…

Birikdi dibimdə günlərin dağı,
Düşdü ürəyimə bir qəm dənəsi,
Zamandan zamana yol gələ-gələ,
Saata çevrildi bir qum dənəsi.

Daşın da canı var, qumun da dişi,
Gəmirir ömrümü bu qum saatı.
Oyanıb gələcəm, duyub gələcəm,
Özümdən sonraya qurdum saatı.

09.01.2026

 

Mənbə: Azərbaycan.media