Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Manana Çaparidze mərhum Xalq artisti Aftandil İsrafilovun məşhur “Basqalı rəqsi” əsərinə yeni nəfəs verib.
Məlumata görə, müğənni bəstəyə söz yazaraq onu mahnı formatında təqdim edib. Yeni ifa “Basqalım mənim” adlanır.
Manana Çaparidze bildirib ki, bir neçə il əvvəl iştirak etdiyi tədbirlərdən birində Aftandil İsrafilovla görüşmək imkanı qazanıb. Onun sözlərinə görə, həmin görüş həyatının ən yaddaqalan anlarından biri olub.
Müğənni qeyd edib ki, sənətkar ona ifa etdiyi mahnılardan birində səslənən musiqi parçasının məhz “Basqalı rəqsi” olduğunu deyib və bu əsərin mahnı kimi səsləndirilməsini arzuladığını bildirib. İsrafilovun bu istəyini xüsusi əhəmiyyətlə qəbul edən Manana, illər sonra həmin arzunu reallaşdırdığını vurğulayıb.
O əlavə edib ki, bəstəkarın qızı Həcər xanımdan da bu layihə üçün böyük dəstək görüb və təqdim olunan mahnını ustad sənətkarın xatirəsinə ehtiram əlaməti kimi ərsəyə gətirib.
Azərbaycan.media
