🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda “Saat qülləsi”ndə Milli Etalon Vaxtı nümayiş olunur

Azərbaycan.media xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə artıq Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) əks olunur. Bu yenilik ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişini təmin etməklə yanaşı, vətəndaşlara saatlarını bu vaxta uyğun tənzimləmək imkanı yaradır.
Məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) yayıb. Bildirilib ki, ziyarətçilərin maarifləndirilməsi məqsədilə “Saat qülləsi”nin yaxınlığında xüsusi məlumatlandırıcı stend də quraşdırılıb.
Qeyd olunub ki, UTC (AZ)-ın “Saat qülləsi”ndə nümayişi yalnız dəqiq vaxtın təqdim olunmasına deyil, eyni zamanda vətəndaşların gündəlik həyatında vaxtın düzgün tənzimlənməsinə də xidmət edir.
Xatırladaq ki, Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) tərəfindən 2025-ci ilin noyabr ayında təsdiqlənib. Bu addım ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.