Azərbaycan.media xəbər verir ki, politoloq Elxan Şahinoğlu Vladimir Putin ilə Nikol Paşinyan arasında Kremldə keçirilən görüşü şərh edərək diqqətçəkən məqamlara toxunub.
Onun sözlərinə görə, Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı narazılıqlarından xəbərdar olsa da, İrəvanın 2022-ci ilin oktyabrında Praqada keçirilən sammitdə Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra təşkilatın proseslərə müdaxilə imkanının məhdudlaşdığını vurğulayıb.
Politoloq qeyd edib ki, Paşinyanın bu qərarı Kreml üçün gözlənilməz olub və Putin sonrakı açıqlamalarında dolayısı ilə bunun Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətinə təsir etdiyini bildirib.
Şahinoğlunun fikrincə, görüş zamanı Putin Paşinyana bir neçə mühüm mesaj verib. Bunlardan biri Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa Birliyi ilə inteqrasiyasının mümkün olmaması ilə bağlı olub. Rusiya prezidenti İrəvanın bu iki istiqamət arasında seçim etməli olduğunu diqqətə çatdırıb.
Digər məqamda Putin Donald Trampın Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında fəal rolunu qeyd edib və bu prosesdən xəbərdar olduğunu bildirib.
Eyni zamanda, Kremlin rəhbəri Ermənistanda parlament seçkiləri öncəsi siyasi vəziyyəti izlədiyini vurğulayaraq, daxili siyasi gərginliyin Moskva-İrəvan münasibətlərinə mənfi təsir etməməsi ilə bağlı xəbərdarlıq edib.
Politoloq hesab edir ki, Putinin səsləndirdiyi fikirlər onun Paşinyana isti münasibət bəsləmədiyini göstərir. O, həmçinin Rusiyada yaşayan ermənilərin Ermənistanda səsvermə hüququna malik olması ideyasının da siyasi məqsədlər daşıdığını qeyd edib.
Şahinoğlu əlavə edib ki, Kremlin Paşinyanın əsas rəqiblərindən biri olan sabiq prezident Robert Köçəryanı Moskvaya dəvət etməsi də istisna deyil.
