Azərbaycan.media xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsində 18 illik rekord təkrarlanıb.
Yarımfinalın ilk oyunları 4 komandadan 3-nün 2 qol vurması ilə yadda qalıb. Qarabağ FK – Sabah FK görüşündə (2:2) hər iki komanda fərqlənib, Turan Tovuz – Zirə FK matçında (0:2) isə qonaqlar iki qol vurub.
Ölkə kuboku tarixində üçüncü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlıq sonuncu dəfə 2007/2008 mövsümündə qeydə alınıb. Həmin mövsümdə Qəbələ FK – Xəzər Lənkəran FK (1:3) və Neftçi PFK – İnter Bakı (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.
1994/1995 mövsümündə də oxşar hadisə yaşanıb. Neftçi PFK – Xəzri Buzovna (2:1) və Kəpəz PFK – Kur-Nur Mingəçevir (3:3) oyunlarında üç komanda məhsuldarlıq nümayiş etdirib.
Ümumilikdə isə iki görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. Yarımfinalın ilk oyunlarında Azərbaycan kuboku tarixində 9-cu dəfə bu göstərici 3 və ya daha yüksək olub.
Mütləq rekord 1994/1995 mövsümünə məxsusdur. Həmin qarşılaşmalarda ümumilikdə 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/2008 və 2008/2009 mövsümlərində 8, 2023/2024 mövsümündə isə 7 qol qeydə alınıb.
