🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlham Əliyev Məsud Pezeşkianın təşəkkür mesajına münasibət bildirib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
Bu barədə dövlət başçısının sosial media hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub ki, İran İslam Respublikasının Prezidentinin Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi ölkəmizdə yüksək qiymətləndirilir.
Prezident vurğulayıb ki, dost və qardaş xalqlar əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birinin yanında olmağa davam edəcək.
Qeyd edək ki, Məsud Pezeşkian aprelin 3-də “X” sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Xatırladaq ki, aprelin 2-də İran Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev isə Azərbaycanın İrana humanitar yardımının davam edəcəyini bildirib və yaxın zamanda növbəti yardımın göndəriləcəyini qeyd edib.
Dövlət başçısı İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edərək, həlak olanlara Allahdan rəhmət diləyib və qarşıdurmanın tezliklə sona çatacağına ümidvar olduğunu vurğulayıb.
Telefon danışığı zamanı regionda sülhün tezliklə əldə olunmasının vacibliyi də diqqətə çatdırılıb.