Azərbaycan.media xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı ailə dəyərləri və televiziya proqramlarının səviyyəsi ilə bağlı fikirlərini açıqlayıb. Sənətçi rejissor Nail Naiboğlunun YouTube layihəsində qonaq olarkən qadın və kişi münasibətlərindən danışıb.
Afaq Bəşirqızı bildirib ki, qadın həyat yoldaşını kiçiltməməli və ona başının tacı kimi baxmalıdır:
“Ərlə arvad ailədə öz arasında fərq qoymamalıdır. Qadın ərini kiçiltməməlidir. Mənim gücüm olsaydı, eləsinin nəsilini süpürərdim. Həyat yoldaşı sənin ‘emblemin’dir. Başının tacı, kişindir. Elə ev yoxdur ki, ora hər şey əla düşüb. Sevgi bir müddət sonra hörmətə, öyrəşməyə çevrilir. İstər həyatda, istər həyat yoldaşının yanında pərdə götürməməlisən. Qadının üstündə nəzarət güclü olmalıdır. Heç kim inciməsin. Qadının üstündə zəhm olmalıdır. Yumruqdan yox.”
Sənətçi eyni zamanda televiziya proqramlarının səviyyəsindən narazılığını da dilə gətirib. O bildirib ki, efirdəki xoşagəlməz hallarla bağlı kanal rəhbərlərindən birinə iradını çatdırıb, lakin qarşı tərəf bu cür verilişlərin yüksək qazanc gətirdiyini əsas gətirərək iradlara diqqət etməyib. Afaq Bəşirqızı əlavə edib ki, belə hallara görə evdə nəvələrinin yanında televizoru söndürməyə məcbur qalıb.
