🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aysel Fikrətin 50 illik yubileyi münasibətilə “50 şeir” adlı kitabı işıq üzü görüb

Azərbaycan.media xəbər verir ki, Mütərcim nəşriyyatında nəşr olunan kitabda şairin son və əvvəlki illərdə yazdığı 50 şeiri dərc edilib.

Kitabda Xalq şairi Vahid Əzizin, şair Qəzəlxan Mahcamal Babayevanın, Azərbaycan Yazıçılar Birliyinin Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslının şair haqqında yazdıqları məqalələr yer alıb.

Nəşr şairin “50 ilin xofu” essesi ilə tamamlanır.
Kitabın dizayneri Günay Əmirova, korrektoru isə Vüqar Abdullayevdir.

Şairi 50 illik yubileyi münasibətilə təbrik edirik. Kitabda nəşr olunan bir neçə yeni şeir nümunəsini oxucuların ixtiyarına təqdim edirik.

 

Qədər

 

Gəlib çatdım bəlli yaşa
Dünənin uşağı idim.
Nə doyunca büdrədim,
nə doyunca yıxıldım.
Ömrümün hər anına,
bircə ömür gecikdim.
O da öz ömrüm qədər.

Nə az, nə çox, bircə ömür,
ara verdim ömrümə,
Dedim, hələ olacaq,
Bu nədi, nə yaşım var.
Sevgi umdum hamı kimi,
Canavar sürüsündən,
O da öz sevgim qədər.

Anam danışdığı nağıllarda
qəhrəman oldum,
Başladım nağıl uydurmağa.
Mərhəmətimi çox xərclədim,
özümə də qalmadı.
Nağıl bitəndə mən də bitdim,
Göydən heç nə düşmədi.
Anladım, yalan danışıblar mənə,
O da öz nağılım qədər.

İlk ayaqlarım tutuldu,
Sonra yazan əllərim,
Şeirlərimi susdum,
Sevgiləri bəllədim.
Mənə çox soyuq oldu,
İsidəndə dünyanı,
Mükafat özüm idim, işarəni duymadım
Mənə ağrı verdilər,adı yaşamaq oldu.
O da öz ağrım qədər.

 

 

YAŞ

 

Yer- göy guruldadı,
ayrılıq saldı.
Yuxular qarışdı biri-birinə
Anamın gözləri, həsrət yarpağı.
Örtdüm ürəyimi qapı yerinə.

Mən daha gülmürəm, əvvəlki kimi
Əvvəl dilim susdu,
sonra ürəyim.
Durmadan oxunan
nəğmə səsini,
Daha eşitmirəm
Bir gör neylədim.

Bulaq tək çağlayan sevgi də
Getdi
Gözünə baxmağa qorxduğum o da
Kimi uydurmuşdum, bir anda itdi
Daha bulud oldum
İnsan donunda.

Gözümü açandan qorxdum dünyadan,
Ürəyimə daman başıma gəldi.
Mən deyəsən daha,
geriyə baxıb.
Allaha şükür edən
yaşıma gəldim.

 

 

Suallar

 

Sənin son eşqinin son qığılcımı,
düşdü evimizə, od saldı, bildin?
Sən də hər an gülüb, göz yaşlarını,
uzaqda hər kəsdən gizlincə sildin?

Sənin neçə kərə sevgi sandığın,
Yad külək seli tək tanıdığın var?
Bütün olanların yerində qalan,
Yaran necə olub? yenə,
ümid var?

Gözündə kədərdən yuva salanlar,
Hərdən döngələrdən çıxır yoluna?
Birdən xəyalların insana dönüb,
Yol getdiyin yerdə girir qoluna?

Sənin də ömründə pillə-pillədir,
Sevgi, dərd, ayrılıq və ondan ötə?
Heç gördünmü sən də insan cildində
Sevdiyin yad kimi yanından ötə?

Sənin də yolunda duman oldumu,
ürəyini didən xatirələrin?
Yaşın necə keçdi, necə qocaldin?
Sən də mənim kimi görə bilmədin?

Sənin son eşqinin, son qığılcımı,
düşdü evimizə, od saldı, bildin?
Sən də hər an gülüb, göz yaşlarını,
uzaqda hər kəsdən gizlincə sildin?

 

Mənbə: Azərbaycan.media