Azərbaycan.media xəbər verir ki, martın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər.
Ziyarət zamanı Mərkəzin koordinatoru Deniz Demir qurumun fəaliyyət istiqamətləri, institusional strukturu, həmçinin dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən layihələr və tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verib.
Bildirilib ki, Mərkəz müasir informasiya mühitində saxta və manipulyativ məzmunların operativ aşkarlanması, təhlili və qarşısının alınması istiqamətində sistemli fəaliyyət göstərir.
Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiya ilə mübarizə sahəsində mövcud çağırışlar, beynəlxalq təcrübə və effektiv mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal mediada etibarlı məlumat mühitinin formalaşdırılması, eləcə də analitik təhlil imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.
