Azərbaycan.media xəbər verir ki, Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşdirilib.
Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.
Eyni zamanda, 28 may tarixində ölkədə Müstəqillik Günü qeyd olunur. Bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar olaraq Əmək Məcəlləsinə uyğun şəkildə 29 may tarixi də əlavə qeyri-iş günü elan edilib.
Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq.
Qeyd edək ki, 9 may – Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 11 may da qeyri-iş günü sayılacaq.
Bununla da, həftəsonları daxil olmaqla may ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.
Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş vaxtı bir saat qısaldılır.
