Şair Şakir Xanhüseynli – 69
yerdən başlamalıdır – sən olduğun yerdən olduğun kimi
yazırsan – sənin fərqliliyinin bir halı budur – kim nə deyir –
desin – Sən busan – səni qəbul edənlər belə qəbul etsin, qəbul
etməyənlər isə monoton yanaşma tərzini dəyişməlidir..

Azərbaycan.media xəbər verir ki, müasir Azərbaycan poeziyasında səs-küylü ritorikadan uzaq, lakin mənaca ağır və düşündürücü poetik xətti ilə seçilən müəlliflərdən biri də Şakir Xanhüseynlidir. Onun yaradıcılığı klassik şeir ənənəsi ilə müasir poetik düşüncənin uğurlu sintezindən doğan bir xətt üzərində formalaşıb.
Şair sözə münasibətdə son dərəcə qənaətcildir. Artıq ifadələr, süni bəzək və emosional şişirtmə onun poeziyasına yad ünsürlərdir. Əvəzində Şakir Xanhüseynli qısa misralarla oxucunu uzun və dərin düşüncələrə sövq etməyi bacaran sənətkardır. Onun şeirlərində əsas yük sözün zahiri parıltısına deyil, daxili mənasına verilir.
Poetik dünyagörüş və əsas mövzular
Şakir Xanhüseynlinin poeziyasında aparıcı xətt mənəvi axtarış, haqqa yönəli düşüncə və insanın daxili aləminin təhlilidir. Bu xüsusiyyət “Deyirəm gözlərimi yumub xeyirə açım…” misrası ilə başlayan şeirində aydın şəkildə ifadə olunur:
Deyirəm gözlərimi yumub xeyirə açım,
Bilim meydan qalmayıb dünyada şərə, açım,
Ancaq yaxşılıqlara, haqqa aparan yola…
Bu misralarda şairin mövqeyi açıqdır: o, şərin mövcudluğunu inkar etmir, lakin onunla barışmağı da qəbul etmir. “Gözləri xeyirə açmaq” metaforası burada passivlik yox, əksinə, şüurlu seçim və mənəvi mövqe deməkdir.
Şair üçün poeziya həm də yenilənmədir:
Hiss edim var yeni bir çalar, bir rəng, fərqli bir ahəng…
Bu yanaşma göstərir ki, o, poeziyanı donmuş qəlib kimi yox, daim dəyişən və inkişaf edən estetik proses kimi dərk edir.
“Qəlpələr”: fraqmentlərdən bütöv mənzərə
“Qəlpələr” silsiləsi Şakir Xanhüseynlinin müasir poetik təfəkkürə ən yaxın nümunələrindəndir. Qısa, lakonik parçalar vasitəsilə həyatın parçalanmış və mürəkkəb mahiyyəti təqdim olunur:
Gəl, vaxt itirmədən bir vaxt tapaq ki,
Vaxtımız keçməsin boşu-boşuna.
Burada zaman anlayışı sadəcə fiziki ölçü deyil, həm də etik məsuliyyət kimi təqdim olunur. Digər bir misrada isə həyatın paradoksal mahiyyəti ifadə edilir:
Zirvəyə qalxıb quyuya düşmək də olar ha…
Bu cür ifadələr müasir insanın uğurla məğlubiyyət arasında nə qədər kövrək mövqedə dayandığını xatırladır.
Yalqızlıq fenomeni: fərdidən ümumiyə
Şairin poeziyasında yalqızlıq təkcə fərdi hiss deyil, ümumbəşəri vəziyyət kimi təqdim olunur. O, bu duyğunu təbiətə, əşyalara və şəhər mühitinə köçürür:
Hər şeyin üzündən yalqızlıq yağır,
Ağacların da, insanların da üzünə…
Bu təsvirlər göstərir ki, yalqızlıq artıq şəxsi problem yox, cəmiyyətin ümumi halına çevrilib. Liriki qəhrəman isə bu vəziyyəti öz daxilində yaşayır:
Və bu yalqızlığı sanki mən hiss edirəm – yalnız…
Buradakı “yalnız” sözü həm təkliyi, həm də fərdi məsuliyyəti ifadə edir.
“Divar” şeiri: sosial-mənəvi tənqid
“Divar” şeiri şairin ictimai düşüncəyə münasibətini açıq şəkildə ortaya qoyur. Burada divar yalnız fiziki maneə deyil, insanlar arasında qurulan süni sərhədlərin rəmzidir:
Əl-qol işlədənin gücü nə gəzər,
Deyirəm, bir az da beyin işləsin.
Şair zorakılıq yox, düşüncə tərəfdarıdır. Bu baxımdan, divarın uçurulması fiziki güclə deyil, şüur və anlayışla mümkündür. Şeir müasir cəmiyyət üçün aktual olan dialoq və anlaşma problemini poetik dildə ifadə edir.
Ata və ana obrazı: mənəvi dayaqlar
“Əl” şeirində valideyn anlayışı metafizik səviyyəyə yüksəldilir:
Demə, indi uçmağa qanadımız yoxdur ki;
Bir qanad ata əli, biri də ana əli…
Bu misralar insanın formalaşmasında ailənin rolunu sadə, lakin dərin mənayla təqdim edir. Valideyn əli burada həm qoruyucu, həm də istiqamətverici qüvvə kimi çıxış edir.
Zahiri güc və mənəvi boşluq
Şairin digər şeirlərində sosial ədalətsizlik və mənəvi boşluq kəskin tənqid olunur:
Bir quru çöpə də gəlməz gümanı,
Ayağı altında qalıb kənd, şəhər…
Burada güc sahibinin məsuliyyətsizliyi və insan taleyinə biganəliyi bədii dillə ifşa edilir.
Şəxsi müşahidə və müəllif münasibəti
Şakir Xanhüseynli müəllim qeyri-adi poetik təfəkkürə malik şairdir. Onun sözü bəzən qılıncdan iti, xəncərdən kəsərli təsir bağışlayır. Ən diqqətçəkən cəhətlərindən biri isə gənc yazarlara münasibətidir. O, daim gəncləri oxumağa, mütaliəni artırmağa təşviq edir və bu istiqamətdə verdiyi tövsiyələr xüsusi əhəmiyyət daşıyır.
Uzun illər Biləsuvarda dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmiş şair hazırda təqaüddə olsa da, yaradıcılığını fasiləsiz davam etdirir. Onun şeirləri ölkənin nüfuzlu mətbuat orqanlarında – “Ədəbiyyat qəzeti”, “Azərbaycan” jurnalı, “Ulduz” jurnalı, “525-ci qəzet”, “Ədalət” qəzeti, Kulis.az, Azerbaycan.media, Yenises.az və digər platformalarda mütəmadi olaraq dərc olunur.
Şairin mənim kimi gənc bir yazara şeir həsr etməsi isə mənim üçün xüsusi mənəvi dəyər və böyük motivasiya mənbəyidir.
Şakir Xanhüseynli müəllimin mənə həsr etdiyi şeir
ŞAİR Fuad Biləsuvarlıya
*** ***
həyatda irəliləmək üçün
sən dırnağınla-dişinlə,
döşünlə özünə yol açırsan
sanki boyun bərabəri qar yağmış kimi…
ovuclarına hovxurursan soyuqda,
öz nəfəsinlə özünü isidirsən.
bir səs eşidirsən,
diqqət kəsilirsən
görürsən ürəyinin səsidi;
sənə ürək olmağa çalışır ürək səsin,
ürəkləndirir səni..!
Müəllif: Şakir Xanhüseynli
Mənim Şakir müəllimə həsr etdiyim şeir
Şeir yazırıq
Gözəl şairimiz Şakir Xanhüseynli müəllimə
İkimiz də sakit söz adamıyıq,
Çəkilib qıraqda şeir yazırıq.
Neyləyək, bizim də bəxtimiz belə,
Biz də bu torpaqda şeir yazırıq.
Kitab oxuyan da, oxumayan da,
Ah, eyni çəkidə, ölçü, mizanda.
Sən Biləsuvarda, mən Xırdalanda,
Eh, çox-çox uzaqda şeir yazırıq.
Bizə versələr də dollar bir milyon,
Vallah, bizlik deyil qızıl medalyon.
Daim dilimizdə şüar, etalon,
Vətəndən, bayraqdan şeir yazırıq.
Sənin kitabından özümə dair
Çox şey öyrənməyə mən oldum nail.
Şakir Xanhüseynli – qüdrətli şair!
Olsaq da yenə də biz aza qail,
Bəlkə də nahaqdan şeir yazırıq.
Yekun
Şakir Xanhüseynlinin poeziyası müasir Azərbaycan ədəbiyyatında sakit, lakin möhkəm dayanan bir poetik xəttdir. Onun şeirləri oxucunu emosional təsirə yox, mənəvi düşüncəyə yönəldir.
Bu poeziyada yalqızlıq var, amma ümidsizlik yoxdur; ağrı var, lakin haqqa inam itmir. Şairin poetik sözü sübut edir ki, bəzən ən güclü fikir ən sakit səslə ifadə olunur. Məhz bu səssiz güc onun yaradıcılığını yadda qalan və düşündürücü edir.

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
