Azərbaycan.media xəbər verir ki, İran, ABŞ və İsrail arasında artan hərbi gərginlik dünya enerji bazarlarında ciddi qiymət artımına səbəb olub.
Məlumata görə, ABŞ-nin İrana quru qoşunları göndərmək niyyəti və Hörmüz boğazı ətrafında baş verən hadisələr, o cümlədən Tailand bayrağı altında üzən yük gəmisinin raket zərbəsinə məruz qalması bazarlarda panika yaradıb. Nəticədə neftin qiyməti qısa müddətdə 6-7 faiz artıb.
London birjasında “Brent” markalı neftin bir bareli 117,49 dollar, Nyu-York birjasında WTI markalı neft 102,75 dollar, “Azeri Light” markalı neft isə 121,25 dollara qədər yüksəlib. Günün ikinci yarısında da artım tempi davam edib və birjalar bağlananadək qiymətlər yüksək səviyyədə qalıb.
Bloomberg nəşrinin yazdığına görə, İran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Əvvəllər rüsum müqabilində keçidə icazə veriləcəyi bildirilsə də, ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra bu qərar dəyişdirilib və hətta Çin gəmilərinin də keçidinə məhdudiyyət qoyulub.
Gəmilərin izlənməsi xidməti göstərən MarineTraffic-in məlumatına əsasən, Çinin Cosco Shipping şirkətinə məxsus “CSCL Indian Ocean” və “CSCL Arctic Ocean” konteyner gəmiləri də SEPAH tərəfindən xəbərdarlıq alaraq boğazdan buraxılmayıb.
SEPAH-ın bəyanatında qeyd olunub ki, Hörmüz boğazından hərəkət edən və ABŞ, İsrail və onların müttəfiqlərinə aid olan bütün gəmilər hədəf götürüləcək.
Baş verən proseslər yalnız neft deyil, qaz bazarına da təsirsiz ötüşməyib. Hazırda Avropada təbii qazın qiyməti kəskin artaraq 1000 kubmetr üçün 900 dollara yüksəlib. Qiymətlər son üç ilin ən yüksək səviyyələrinə yaxınlaşır.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Avropada qazın qiyməti 1200 dollara qədər yüksəlmişdi. Cari ildə isə İranın Qətər-də yerləşən sıxılmış qaz zavoduna zərbə endirməsi nəticəsində ixracın dayanması qiymət artımını daha da sürətləndirib.
