🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstanda universitetlərə qəbul kvotaları ikiqat artırılaca

Azərbaycan.media xəbər verir ki, Gürcüstanda ali təhsil sistemində nəzərdə tutulan dəyişikliklərə əsasən, 2028–2029-cu tədris ilində ölkə universitetlərinə qəbul kvotaları ikiqat artırılacaq. Bu barədə AZƏRTAC-a istinadən Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar həmin dövrdə 11-ci və 12-ci sinif şagirdlərinin eyni vaxtda məktəbi bitirməsi ilə bağlıdır. Nəticədə ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sayında kəskin artım gözlənilir.
Eyni zamanda, dəyişikliklər magistratura səviyyəsinə də təsir edəcək. Belə ki, bakalavr proqramlarının böyük hissəsinin 3 illik təhsil modelinə keçməsi səbəbindən 2024 və 2025-ci illərdə təhsil alan tələbələrin əksəriyyəti 2027–2028-ci tədris ilində məzun olacaq. Bu isə 2028–2029-cu tədris ili üçün magistr proqramlarına qəbul sayının artırılmasını zəruri edir.
Qeyd edək ki, aparılan islahatlar çərçivəsində ümumi təhsil sistemində də yeniliklər tətbiq olunur. Orta məktəb mərhələsi 10–11-ci sinifləri əhatə edəcək, 12-ci sinif isə könüllü olacaq. Şagirdlər istədikləri halda əvvəlcədən qeydiyyatdan keçərək təhsillərini 12-ci sinifdə davam etdirə biləcəklər.
Bununla yanaşı, 11-ci sinif şagirdləri üçün xüsusi hazırlıq (bərpa) siniflərinin təşkili nəzərdə tutulur ki, bu da onların milli imtahanlara daha effektiv hazırlaşmasına şərait yaradacaq.
Yeni qaydaların hazırda 9-cu sinifdə təhsil alan şagirdlərə şamil ediləcəyi bildirilib.