Azərbaycan.media xəbər verir ki, martın 23-də günün birinci yarısında ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb, martın 24-ü gecə və səhər saatlarında isə hava əsasən yağmursuz keçib.
Məlumata görə, Milli Hidrometeorologiya Xidməti tərəfindən martın 24-ü saat 10:00-a olan açıqlamada bildirilib ki, düşən yağıntının miqdarı Balakən üzrə 5 mm, Xaltan üzrə 4 mm, Sədərək üzrə 3 mm təşkil edib. Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac və Qax (Sarıbaş) ərazilərində isə yağıntı 1 mm-dək olub.
Eyni zamanda, Bakı və Abşeron yarımadasında, eləcə də Şəki, Balakən, Şəmkir, Daşkəsən və Göygöl ərazilərində duman müşahidə olunub. Görünüş məsafəsi bəzi yerlərdə 200 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikası, həmçinin Aran rayonlarında 21 dərəcəyədək, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.
