Azərbaycan.media xəbər verir ki, 34 il əvvəl Xocalıda baş verən dəhşətləri əks etdirən Ana harayı abidəsinin müəllifləri Aslan Rüstəmov və övladları Teymur Rüstəmov, Mahmud Rüstəmovdur.
Müəlliflər “Baku TV”yə açıqlamalarında bildiriblər ki, abidənin hazırlanma prosesi son dərəcə çətin və sarsıdıcı olub.
Mahmud Rüstəmov qeyd edib ki, onlara təqdim olunan bəzi foto materiallara baxmaq belə mümkün olmayıb: “Elə fotolar gətirmişdilər ki, baxmaq mümkün deyildi. Ermənilərin törətdiyi vəhşiliklərin bir qismi mediada da yayımlanmayıb”.
Heykəlin hazırlanması zamanı uşaq obrazı üçün modelə ehtiyac yarandığını deyən Mahmud Rüstəmov bildirib ki, həmin vaxt iki yaşı olan qızı bu prosesdə iştirak edib: “Qızım o vaxt iki yaşında idi. Onu qucağımda model kimi saxladım, fotosunu çəkdik və abidəni hazırlayarkən həmin materialdan istifadə etdik”.
Müəlliflər vurğulayıblar ki, “Ana harayı” abidəsi Xocalı faciəsinin ağrı-acısını, anaların fəryadını və xalqımızın yaşadığı böyük itkiləri simvolizə edir.
