Xalq şairi Nəriman Həsənzadənin 95 illiyi münasibətilə onun haqqında bir xatirəmi bölüşmək istəyirəm. Bu hadisə mənim üçün sadəcə bir tələbə xatirəsi deyil, həm də böyük insanlıq dərsidir.
Universitet illərində qrup nümayəndəsi – başqa sözlə, sinifkom idim. Filologiya fakültəsində bizə dərs deyən müəllimlərdən biri Raifə Həsənova idi. Universitetdə onu çox ciddi, tələbkarlığı ilə seçilən, qiymət yazmaqda “xəsis” müəllim kimi tanıyırdılar. Hətta qohumu olan İlham Qaradağlını da imtahanda kəsməsi tələbələr arasında tez-tez danışılan fakt idi.
Növbəti imtahanda mənə də “zaçot” yazılmadı. Demək olar ki, qrupun yarısı kəsilmişdi. “Gedib hazırlaşın, sonra gələrsiniz”, – dedi. Açığı, ikinci dəfə də eyni aqibətlə üzləşməkdən ehtiyat edirdim.
Soruşub-araşdırdım ki, görəsən, Raifə müəllimə kimin sözünü eşidər? Dedilər ki, Nəriman Həsənzadənin sözünü yerə salmaz. O vaxt o, Ədəbiyyat və incəsənət qəzetinin baş redaktoru idi. Mən isə Azərbaycan gəncləri qəzetində çalışırdım. Redaksiyalar eyni nəşriyyatda – mərtəbə fərqi ilə yerləşirdi.
Çox tərəddüd etdim. “Məni tanımayan bir insan niyə mənə görə söz desin?” – deyə düşünürdüm. Amma nəhayət, cəsarətimi toplayıb qapısını döydüm. İçəridən sakit və həzin bir səs “Gəlin” dedi.
Otağa daxil olanda həyəcanım pik həddə idi. Məni dinlədikcə üzündə təbəssüm vardı. Sözümü bitirəndə gülümsəyərək soruşdu:
– Sən hardan bilirsən ki, mən onu tanıyıram?
Ürəyim az qala yerindən çıxacaqdı. Tələsik dedim ki, mənə belə deyiblər və köməyinə ümid edərək gəlmişəm.
Gülümsədi:
– Kim deyibsə, düz deyib. Raifə xanımla dostuq.
Telefon kitabçasından nömrəni tapdı, evinə zəng etdi. Hal-əhvaldan sonra dedi:
– Bizim bir müxbirimiz var, yaxşı jurnalistdir, özü də sinifkomdur. İmtahanda onu kəsmisən. Təkrar gələcək, bu dəfə onu kəsmə, – deyib güldü.
Sonra masasının üstündə kitabını axtardı ki, mənə imzalayıb versin. Tapmadı, dedi evdən gətirər. Mən isə aşağı düşüb kitab mağazasından onun kitabını alıb yenidən yuxarı qalxdım. Kitabı imzalayanda sifətinə xəfif qızartı çökdü:
– Ay qızım, sənə qıymıram, evdən gətirərdim…
Ertəsi gün Filologiya fakültəsinə gedib kitabı təqdim etdim və nəhayət, qiymətim yazıldı.
Mən Nəriman Həsənzadənin böyüklüyünü o gün gördüm. Heç tanımadığı bir gənc üçün söz demək, zəng etmək, məsuliyyət götürmək hər kəsin işi deyil. Bu, böyük ürək sahiblərinə xas xüsusiyyətdir.
Bu yaxşılığı heç vaxt unutmamışam və adını həmişə hörmətlə çəkmişəm.

Müəllif: Şəmsiyyə Kərimova, Əməkdar jurnalist
25.02.2026
Bakı
