Azərbaycanın Əməkdar jurnalisti, professor Qulu Məhərrəmli bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibənin artıq dörd ili tamam olur və bu müddət ərzində Kreml gözlədiyi nəticələrə nail ola bilməyib.
Azərbaycan.media xəbər verir ki, professorun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin müharibənin ilk mərhələsində Kiyevi qısa müddətdə – üç gün ərzində ələ keçirməyi planlaşdırsa da, bu plan tamamilə iflasa uğrayıb. Hazırda Rusiya ordusu əsasən Donbas istiqamətində mövqe savaşı aparır və ciddi irəliləyiş əldə edə bilmir.

Qulu Məhərrəmli qeyd edib ki, dörd il ərzində Rusiya təxminən 1 milyon 200 min canlı qüvvə və minlərlə hərbi texnika itkisi verib. Buna baxmayaraq, Moskva qarşıya qoyduğu strateji məqsədlərə – Ukraynanın siyasi iradəsini qırmağa, ölkəni kapitulyasiyaya məcbur etməyə və ya beynəlxalq mövqelərini gücləndirməyə – nail ola bilməyib.

Professorun fikrincə, Rusiya hər gün Kiyev, Odessa və digər şəhərləri raket və hava zərbələri ilə hədəfə alsa da, bu hücumlar hərbi baxımdan dönüş yaratmır. Əksinə, Ukraynanın dron və raket zərbələri də Rusiya ərazisinə və hərbi infrastrukturuna ciddi zərər vurur. Bu isə müharibənin artıq iki tərəf üçün də ağır və tükəndirici mərhələyə keçdiyini göstərir.

Qulu Məhərrəmli vurğulayıb ki, Kreml daxilində “hər şey plan üzrə gedir” kimi təbliğat aparılsa da, reallıq fərqlidir. Onun sözlərinə görə, artıq Moskva da anlayır ki, məsələnin sırf hərbi yolla həlli mümkün deyil. Mövcud şəraitdə Rusiyanın diplomatik müstəvidə, xüsusilə Donbasdan kənar ərazilər üzrə ciddi uğur əldə etməsi isə sual altındadır.
Professor hesab edir ki, müharibənin uzanması həm Rusiyanın beynəlxalq mövqeyinə, həm də daxili sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərməkdə davam edir və bu proses uzunmüddətli perspektivdə Kremlin siyasi dayaqlarını daha da zəiflədə bilər.
Mənbə: Azərbaycan.media
