🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nailə İslamzadə: “Televiziya kazino deyil, kollektiv şüurun laboratoriyasıdır”

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist, tanınmış diktor Nailə İslamzadə bəzi televiziya kanallarında yayımlanan verilişlərin hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.
Onun sözlərinə görə, son illər bir sıra kanallar mütəmadi olaraq istedadı və peşəkar səsi olmayan müğənniləri efirə dəvət edir, proqram boyu isə onların digər sənət adamları haqqında qeybət və qalmaqal xarakterli müzakirələrinə şərait yaradır:
“Bəzi aparıcılar da bu prosesi daha da alovlandırır ki, efirdə qalmaqal yaransın, reytinq artsın. Mən 43 ildir televiziyada çalışmışam. Bu gün müşahidə etdiyimiz mənzərə heç vaxt bu səviyyədə olmayıb”.
Nailə İslamzadə vurğulayıb ki, televiziya sadəcə əyləncə platforması deyil: “Televiziya ekranı kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi nümayiş etdirirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət demək deyil. Qeybət emosiyanı qızışdırır, lakin zövqü formalaşdırmır, onu tərbiyə etmir”.
Tanınmış diktor hesab edir ki, əgər efir məkanı səsi, sənəti və zəhməti ilə seçilməyən şəxslərin bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə deyil, estetik deqradasiyadır: “Həmişə demişəm, indi də deyirəm – televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul əslində qazanc yox, itkidir”.
O, xüsusilə media rəhbərlərinə və maarifçilik missiyası daşıyan şəxslərə çağırış edərək bildirib ki, efir siyasətinə yanaşmada məsuliyyət amili ön plana çəkilməlidir. Çünki cəmiyyətin zövqü təsadüfi şəkildə formalaşmır: “Onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar”.
Nailə İslamzadə diqqətə çatdırıb ki, bu gün tamaşaçılar 30–40 il əvvəl çəkilmiş verilişlərin videogörüntülərini heyranlıqla izləyir: “Bəs indiki bəzi kanallar 30–40 il sonra nə deyəcək? ‘Biz nə yaratdıq, nə ilə yadda qaldıq?’ sualına cavab verə biləcəklərmi?”
Sonda o, ekranın cəmiyyət üçün daşıdığı məsuliyyəti bir daha xatırladıb: “Ekran gələcəyin güzgüsüdür — orada nə göstəririksə, sabah onu yaşayacağıq”.

 

Mənbə: Azərbaycan.media