
Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusunda tədbir keçirilib.
Tədbiri açan AMEA-nın prezidenti İsa Həbibbəyli ana dilinin qorunmasının və uşaq ədəbiyyatının yeni nəslin milli ruhda tərbiyəsindəki rolunu vurğulayıb. O bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı XX əsrin əvvəllərində qızıl dövrünü yaşayıb və Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev kimi müəlliflərin irsi bu gün də örnəkdir. Sovet dövründə isə Hikmət Ziya, İlyas Tapdıq, Xanımana Əlibəyli, Zahid Xəlil və Ənvər Əlibəyli seçilən simalar arasında olub. Müstəqillik dövründə sahədə çətinliklərə baxmayaraq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatının elmi şəkildə inkişafına töhfə verən əsas mərkəzlərdən biri kimi fəaliyyət göstərir.
Akademik İsa Həbibbəyli qeyd edib:
“Bu gün məsuliyyətlə deyə bilərəm ki, filologiya elmləri doktoru, millət vəkili Elnarə Akimovanın rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsi ölkəmizdə bu sahəyə mühüm töhfə verir və elmi cəhətdən koordinasiya edən bir mərkəzə çevrilib. Tədbirin məhz Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilməsi təsadüfi deyil.”
Tədbirdə ana dilinin qorunması, uşaq ədəbiyyatının inkişafı və yeni texnoloji dövrün çağırışları fonunda milli dil şüurunun formalaşdırılması məsələləri müzakirə olunub. Vurğulanıb ki, uşaqları müasir terminoloji təfəkkürə hazırlamaq, rəqəmsal texnologiyalar, internet və süni intellekt mövzularını uşaq ədəbiyyatına daxil etmək vacibdir. Həmçinin, dilin yad terminlərin təsirindən qorunması və ana dilinin ifadə imkanlarının zənginləşdirilməsi əsas prinsip kimi diqqətə çatdırılıb.
Deputat Elnarə Akimova tədbirdə çıxış edərək Beynəlxalq Ana Dili Gününün AMEA-da hər il qeyd edilməsinin artıq ənənəyə çevrildiyini bildirib. O vurğulayıb ki, dövlət səviyyəsində aparılan ana dili siyasəti, alimlərin və yazıçıların fəaliyyəti milli kimliyin qorunmasında mühüm rol oynayır.
Tədbirdə çıxış edən tanınmış uşaq yazıçısı, professor Zahid Xəlil, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, dosent İlhamə Ağazadə, dosent Gülnar Qəmbərli, müəllim Nigar Vəliyeva və digər iştirakçılar ana dili və uşaq ədəbiyyatının inkişaf istiqamətləri barədə məruzələrlə çıxış ediblər.
Qonaqlar arasında Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, İbrahim Yusifoğlu, Mina Rəşid və Sevinc Elsevər də uşaq ədəbiyyatının çağdaş problemləri ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda uşaq ədəbiyyatının gənc nəslin dil və düşüncə tərzinin formalaşmasında əhəmiyyətli rolu xüsusi vurğulanıb.
Tədbirin sonunda Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 nömrəli tam orta məktəbin şagirdləri ana dilinə və vətənə həsr olunmuş şeirlər səsləndirərək proqramı vətənpərvərlik ruhunda tamamlayıblar.
Azərbaycan.media
