🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağrıldı

Azərbaycan.media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirib.

Müşavirədə şəhərin sanitar təmizliyi, yaz-yay mövsümünə hazırlıq, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri, eləcə də qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub. İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayon icra hakimiyyəti başçılarını nöqsanları operativ şəkildə aradan qaldırmağa və məsuliyyətli olmağa çağırıb.

Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizliyin vəziyyətini kəskin tənqid edib, bəzi qəsəbələrin ümumşəhər standartlarından geri qaldığını vurğulayıb. Bu səbəbdən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan olunub. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağını bildirib.

Toplantıda həmçinin rayonlarda qanunsuz tikintilərin monitorinqi təqdim olunub və Sabunçu, Qaradağ, Xəzər rayonlarında aşkar edilmiş pozuntulara dair tapşırıqlar verilib. Müşavirədə verilən tapşırıqların icrasına nəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcək və yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargah yaradılacaq, nəticələr isə iki ay ərzində əlavə müzakirəyə təqdim ediləcək.