Azərbaycan.media xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı dövlət qurumlarına rəsmi müraciət ünvanlayıb.
Müraciətdə bu nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların həyat və sağlamlığına təsir edə biləcək risklər, həmçinin bərabərlik hüququnun təmin edilməsi baxımından yaranmış vəziyyətə münasibət bildirilir.
Ombudsman qeyd edib ki, son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı ciddi risklər yaradıb. Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin kifayət etmədiyini göstərir.
Səbinə Əliyeva bildirib ki, qanunvericilikdə elektroskuterlərin idarə olunması üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin real icrası təmin olunmur. Nəticədə yaşı 14-dən az olan uşaqların nəzarətsiz şəkildə ictimai yollarda hərəkəti həm onların, həm də digər yol iştirakçılarının həyatını təhlükəyə atır.
Ombudsman həmçinin təhlükəsizlik dəbilqəsinin istifadəsinin məcburi norma kimi təsbit edilməməsinin ciddi problem olduğunu vurğulayıb. Texniki xüsusiyyətlərinə görə yüksək sürətə malik elektroskuterlərdə baş verən qəzalar zamanı kəllə-beyin travmaları və ölüm riski əhəmiyyətli dərəcədə artır. Bu baxımdan, elektroskuterlərin təhlükəsizlik baxımından velosipedlə eyniləşdirilməsi əsaslandırılmış hesab edilə bilməz.
Müraciətdə qeyd olunub ki, kiçik elektrik nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin olmaması inzibati məsuliyyətin tətbiqini çətinləşdirir, mövcud istisnalar isə bərabər məsuliyyət prinsipini zəiflədir və cəzasızlıq mühiti yaradır.
Ombudsman beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, bir çox ölkələrdə elektroskuterlərin tənzimlənməsi onların qadağan edilməsinə deyil, təhlükəsiz istifadənin təmin olunmasına əsaslanır. Əsas prioritetlər kimi yaş məhdudiyyəti, təhlükəsizlik dəbilqəsinin məcburi istifadəsi, valideyn məsuliyyətinin gücləndirilməsi və effektiv nəzarət mexanizmləri göstərilir.
Səbinə Əliyeva 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini və Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyini xatırladaraq, elektroskuterlərin nəzarətsiz istifadəsinin insanların sağlamlıq hüququna birbaşa təhdid yaratdığını vurğulayıb.
Ombudsman müraciətində hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Təkliflər arasında təhlükəsizlik dəbilqəsinin məcburi norma kimi müəyyən edilməsi, azyaşlıların qorunmasına yönəlmiş valideyn məsuliyyətinin gücləndirilməsi, dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması, inzibati məsuliyyətin isə bərabərlik prinsipi əsasında tətbiq olunması yer alır.
Qeyd edilib ki, bu tədbirlər mikromobilliyin təhlükəsiz və dayanıqlı inkişafına, yol hərəkəti iştirakçılarının hüquq və təhlükəsizliyinin qorunmasına və müasir şəhər mühitində risklərin minimuma endirilməsinə xidmət edəcək.
