🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AMB milli pul nişanlarının dəyişdirilməsi prosedurunda yeniliyə gedib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xidmətin təkmilləşdirilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi prosedurunda dəyişiklik edib.

2 mart 2026-cı il tarixindən etibarən milli pul nişanlarının dəyişdirilməsi xidməti ödənişsiz olaraq operator banklar – “Azərbaycan Beynəlxalq Bankı” ASC“Kapitalbank” ASC – tərəfindən ölkə üzrə filial və şöbələrdə həyata keçiriləcək.

Bildirilib ki, həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi” bağlanacaq.

Eyni zamanda, yubiley və xatirə pul nişanlarının satışı, həmçinin AMB-nin onlayn satış sistemi vasitəsilə alınmış pul nişanlarının təhvili 2 martdan etibarən Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında aparılacaq. Təslim prosesi həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00–12:00-dək həyata keçiriləcək.

AMB əlavə edib ki, investisiya pul nişanlarının satışı və geri alınması əvvəlki qaydada satış agentləri – “Bank of Baku” ASC“TuranBank” ASC – vasitəsilə davam etdiriləcək.

Qeyd olunub ki, milli pul nişanlarının dəyişdirilməsi üçün AMB-nin ərazi idarələrinə, ölkədə fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına və poçt rabitəsinin milli operatoruna da müraciət etmək mümkündür.