Azərbaycan.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi qadınların müqaviləli hərbi xidmətə daha fəal şəkildə cəlb olunması planını işə salıb.
Məlumata görə, əsas səbəb arxa cəbhənin dərinliklərində yerləşən strateji obyektlərin mühafizəsinin gücləndirilməsidir. Bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, qadınlar hücum bölmələri üçün nəzərdə tutulmasa da, digər vəzifələrdə, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı müdafiə istiqamətində istifadə oluna bilərlər. Onun sözlərinə görə, yay aylarınadək əlavə 100 min rus qadınının orduya cəlb edilməsi planlaşdırılır.
Qeyd olunub ki, müqaviləli xidmətə cəlb ediləcək qadınların ödənişləri birbaşa hərbi əməliyyatlarda iştirak edənlərlə eyni səviyyədə olmayacaq.
