İnteqrativ onkologiya gündəmdə: Omeloterapiya, yüksəkdozalı C vitamini və hipertermiya müzakirə olundu
Azərbaycan.media xəbər verir ki, xərçəng bu gün dünyada ən ciddi sağlamlıq problemlərindən biri olaraq qalır və müasir tibbdə bu xəstəliklə mübarizədə əsasən cərrahiyyə, kimyaterapiya və şüa müalicəsindən istifadə olunur. Son illərdə isə klassik müalicə üsullarını tamamlayan və dəstəkləyən yeni yanaşmalar – xüsusilə inteqrativ onkologiya istiqamətində aparılan tədqiqatlar diqqət mərkəzinə çıxıb.
Almaniyadan dəvət olunmuş həkim-onkoloq Hüseyn Şahinbaş Milli Onkologiya Mərkəzində çıxış edərək xərçənglə mübarizədə dəstəkləyici müalicə üsullarının rolundan danışıb. Təqdimatda omeloterapiya, yüksəkdozalı vitamin C terapiyası və hipertermiya (istiliklə müalicə) mövzuları geniş müzakirə olunub və onkoloqların marağına səbəb olub.
Omeloterapiya nədir?
Omeloterapiya xərçəng müalicəsində istifadə edilən tamamlayıcı yanaşmalardan biridir. Bu metodun əsas məqsədi orqanizmin müdafiə mexanizmlərini, xüsusilə immun sistemini aktivləşdirərək şiş xəstəliyinə qarşı mübarizə qabiliyyətini gücləndirməkdir.
Elmi tədqiqatlara əsasən, omeloterapiya immun sistemini şiş hüceyrələrinə qarşı səfərbər edir. Orta və yüksək dozada tətbiq olunduqda şişəleyhinə, metastazın qarşısını alan və immunomodulyasiyaedici təsir göstərə bilir. Bununla yanaşı, xəstələrin ümumi vəziyyətinin və həyat keyfiyyətinin yaxşılaşmasına, yorğunluq və halsızlıq kimi simptomların azalmasına müsbət təsir etdiyi bildirilir. Bu üsul əsas onkoloji müalicəni əvəz etmir, lakin onun təsirini dəstəkləyən tamamlayıcı yanaşma kimi qiymətləndirilir.
Yüksəkdozalı vitamin C terapiyası
Vitamin C immun sisteminin normal fəaliyyəti üçün vacib maddələrdən biridir. Son illərdə aparılan araşdırmalar göstərir ki, vitamin C-nin yüksək dozada venadaxili infuziyası xərçəng hüceyrələrinə sitotoksik təsir göstərə bilər.
Məlumatlara görə, yüksəkdozalı vitamin C şiş hüceyrələrinə selektiv toksik təsir göstərərək onların zəifləməsinə səbəb olur. Eyni zamanda, yorğunluq, halsızlıq və iştahasızlıq kimi simptomların azalmasına kömək edə, əsas onkoloji müalicə alan xəstələrdə ümumi vəziyyətin və həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verə bilər.
Tədqiqat nəticələrinə əsasən, yüksəkdozalı C vitamini şiş hüceyrələrinin ən azı üç zəif nöqtəsinə təsir göstərir:
-
Selektiv prooksidativ, tumor-sitotoksik təsir göstərir;
-
Epigenetik profili şişin yatırılması istiqamətində tənzimləyir;
-
Şiş toxumasında enerji istehsalını və angiogenezi (HIF daxil olmaqla) inhibə edir.
Hipertermiya – istiliklə müalicə üsulu
Hipertermiya xərçəng müalicəsində istifadə edilən üsullardan biridir və bu zaman bədənin bütöv və ya müəyyən nahiyəsi tibbi nəzarət altında qızdırılır. Adi isidilmə üsullarından fərqli olaraq, hipertermiyada istilik xüsusi cihazlar vasitəsilə birbaşa toxumanın daxilində yaradılır. Bu isə dərin toxumalara daha təsirli müdaxilə imkanı verir.
Məqsəd immun hüceyrələri aktivləşdirərək xərçəng hüceyrələrini zəiflətmək və onları digər müalicələrə daha həssas hala gətirməkdir. Qızdırma orqanizmin xəstəliklə mübarizədə təbii reaksiyalarından biri hesab olunur və hipertermiya bu mexanizmdən terapevtik məqsədlə istifadə edir. Bildirilir ki, bu üsul klassik terapiyanın effektivliyini artıra bilər. Bundan əlavə, bəzi xroniki xəstəliklərin müalicəsində də tətbiq olunduğu qeyd edilir.
Niyə bu üsullar maraq doğurur?
Müasir onkologiyada əsas məqsəd yalnız xəstəliyin müalicəsi deyil, həm də xəstənin həyat keyfiyyətinin qorunması və müalicənin yan təsirlərinin minimuma endirilməsidir. Bu baxımdan, tamamlayıcı və dəstəkləyici müalicə üsulları getdikcə daha çox araşdırılır və müzakirə olunur.
Omeloterapiya, yüksəkdozalı vitamin C və hipertermiya da bu inkişafın tərkib hissəsi kimi dünya üzrə elmi araşdırmaların və klinik tətbiqlərin diqqət mərkəzində qalmaqda davam edir.
