Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana və Bakıya səfərinin regionda sülh prosesinə verdiyi töhfələri şərh edib.

Deputat bildirib ki, Vensin səfərləri təkcə diplomatik protokol deyil, həm də ABŞ-ın Cənubi Qafqazda icraedici rol oynama niyyətini nümayiş etdirir. O qeyd edib ki, Ermənistan səfəri İrəvana siyasi mesajdır, Vaşinqton İrəvanı sülh sazişi və kommunikasiyaların açılmasına təşviq edir, eyni zamanda təhlükəsizlik və enerji sahəsində alternativlər yaradır.
“Bakıda isə mənzərə fərqlidir. Azərbaycan postmünaqişə mərhələsində təşəbbüsü tam əlində saxlayır. ABŞ-la imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ölkəmizin regional layihələrdə əsas oyunçu statusunu təsdiqləyir. Zəngəzur dəhlizi məsələsi isə tərəflərin maraqları və hüquqi mexanizmlər çərçivəsində tənzimlənir”, – deyə deputat əlavə edib.
E. Akimova səfərin sülh sazişinə ciddi təsir göstərəcəyini vurğulayıb: “Proses beynəlxalq zəmanət müstəvisinə çıxarılır, sülh sənədi artıq sadəcə siyasi bəyanat olmur, real iqtisadi və təhlükəsizlik layihələri ilə əlaqələndirilir. ABŞ-ın regiondakı balans siyasəti sülh prosesini sürətləndirən mühüm alətə çevrilir. Bu görüşlər göstərir ki, proses artıq təkcə Bakı və İrəvan arasında deyil, daha geniş beynəlxalq məsuliyyət çərçivəsində formalaşır.”
Azərbaycan.media
