Azərbaycan.media xəbər verir ki, altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Arts Council Azerbaijan”ın birgə təşkilatçılığı, həmçinin Aİ üzv dövlətlərinin səfirliklərinin dəstəyi ilə “Avropanın meydanları” adlı fotosərginin rəsmi açılışı keçirilib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxışında sərginin Avropa şəhərlərinin tanınmış və az tanınan meydanlarını, onların tarixini, memarlığını və sosial əhəmiyyətini təqdim etdiyini bildirib. Səfir layihənin Avropanın şəhər irsinin zənginliyini nümayiş etdirdiyini və bu sərginin Azərbaycanda elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində baş tutduğunu vurğulayıb.
“Arts Council Azerbaijan”ın rəhbəri və festivalın kuratoru Dadaş Məmmədov isə tədbirin artıq altıncı ildir keçirilərək Azərbaycan və Avropa İttifaqı arasında mədəni dialoq üçün önəmli platformaya çevrildiyini qeyd edib. O, beynəlxalq tərəfdaşlığa, Aİ və üzv dövlətlərin səfirliklərinə dəstək üçün təşəkkürünü bildirib.
Sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İsveç və Azərbaycan səfirliklərinin təqdim etdiyi fotoşəkillər nümayiş olunur. Əsərlər Avropa meydanlarının ictimai həyat, tarixi yaddaş və sosial qarşılıqlı əlaqədəki rolunu əks etdirir.
“Avropanın meydanları” fotosərgisi “Crescent Mall”da keçirilir və 13 fevrala qədər davam edəcək.
