Azərbaycan.media xəbər verir ki, “Bloomberg” nəşri bildirir ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarını taktiki alət kimi istifadə edir və müharibəni həqiqətən bitirmək niyyətində deyil.
Estoniya xarici kəşfiyyatının hesabatına istinadən qeyd olunur ki, Moskvanın uzunmüddətli məqsədi dəyişməz qalır və son dövrlərdə sülh ritorikasının aktivləşməsi vaxt qazanmaq məqsədini güdə bilər. Polşa prezidentinin xarici siyasət üzrə müşaviri Marçin Pşidaç da vurğulayır ki, Rusiya xoş niyyətli danışıqlara hazır deyil və strateji xətti tarixi olaraq ərazilərin genişləndirilməsinə yönəlib.
Estoniya kəşfiyyatı Kremlin əsas məqsədini Ukraynanı tabe etmək və gələcəkdə təsir dairəsini genişləndirmək olaraq göstərir. Eyni zamanda Moskva Vaşinqtonla diplomatik və iqtisadi əlaqələri bərpa etməyə çalışır; sanksiyaların yumşaldılması və iqtisadi təzyiqlərin azalması Kreml üçün həyati əhəmiyyət daşıyır, xüsusilə enerji gəlirlərinin azalması fonunda daxili iqtisadi gərginlik artıb.
ABŞ-ın sabiq xüsusi nümayəndəsi Kit Kelloq hesab edir ki, Donetsk vilayətinin təhvil verilməsi Ukrayna üçün strateji səhv olar və müharibəni dayandırmaz. O, Avropa ölkələrinin kollektiv gücünü yetərincə qiymətləndirmədiyini və birləşsələr Rusiyanın hesablamalarına ciddi təsir göstərə biləcək güclü blok formalaşacağını bildirib.
Ukrayna Ali Radasının deputatı Roman Kostenko da oxşar mövqe sərgiləyərək deyib ki, ərazi güzəştləri müharibəni dayandırmayacaq, çünki Rusiyanın məqsədləri daha genişdir. Onun sözlərinə görə, real dayandırıcı amil yalnız Rusiyanın hərbi potensialının zəiflədilməsi və maksimum zərərin vurulmasıdır. Hazırkı şərtlərdə danışıqlar Ukrayna üçün əlverişli deyil və zaman amili vəziyyətin dəyişməsində mühüm rol oynaya bilər.
