🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rasim Musabəyov: ABŞ-ın vitse-prezidenti Vensin Bakıya səfəri ikitərəfli münasibətlərdə irəliləyişdir

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Rasim Musabəyov ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfərini şərh edərək bildirib ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf edir və Vensin səfəri bu irəliləyişin bir təzahürüdür.

Deputat vurğulayıb ki, Vens səfərə ABŞ Prezidenti Tramp tərəfindən göndərilib və əsas məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərmək və Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini inkişaf etdirməkdir.

R.Musabəyov qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması çərçivə sənədidir və ondan irəli gələn öhdəliklərin icrası üçün İşçi Qruplar yaradılacaq. Deputat əlavə edib ki, ABŞ super dövlət kimi bölgədə vəziyyətlə bağlı birinci əl məlumat almaq və fikrini çatdırmaq imkanını qiymətləndirir.

O, Azərbaycanın ABŞ üçün əhəmiyyətli dövlət olduğunu vurğulayıb: “Biz təkcə dəstəyə ehtiyac duyan dövlət deyilik, həm də töhfə verən dövlətik. Vens bunu Əfqanıstan nümunəsi ilə də göstərdi. Azərbaycan Mərkəzi Asiyaya çıxan Orta Dəhlizin vasitəsidir və nadir, kritik metallarla bağlı tranzit məsələlərində strateji rol oynayır”.

Deputat ABŞ-ın sülh prosesi ilə bağlı mövqeyinə də toxunub və bildirib ki, istisna deyil ki, Vaşinqtonda keçiriləcək Sülh Şurasının birinci iclasında Azərbaycan-Ermənistan sülh sazişi imzalana bilər. Lakin o, sənədin ratifikasiya mərhələsinin hələ davam edəcəyini xatırladıb.

R.Musabəyov İran məsələsinə dair qeyd edib ki, Bakı vasitəçilik etməyəcək, lakin qonşu dövlət kimi Azərbaycan üçün nəticələrin öncədən bilinməsi vacibdir, çünki İranın regional siyasəti ölkənin nəqliyyat və tranzit əlaqələrinə təsir edə bilər.