Azərbaycan.media xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist, professor Qulu Məhərrəmli səsləndirib. Onun fikrincə, son dövrlər ABŞ-ın Ermənistana yönəlik artan siyasi, iqtisadi və hərbi marağı təsadüfi deyil və bu proses Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşdığını göstərir.
Professor Qulu Məhərrəmli bildirir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri və orada səsləndirdiyi bəyanatlar sadəcə diplomatik jestlər yox, strateji mesajlardır. Vensin Ermənistanı “xristianlığın qədim sivilizasiya mərkəzlərindən biri” kimi təqdim etməsi, ilk baxışdan poetik və ideoloji ritorika təsiri bağışlasa da, əslində bu, Qərbin erməni cəmiyyətinin emosional və mədəni kodlarına ünvanlanmış siyasi yanaşmasıdır.
Məsələ ritorikada yox, milyardlardadır
Təhlildə vurğulanır ki, əsas məsələ ABŞ-ın Ermənistana ayırmağı planlaşdırdığı iri həcmli maliyyə və texnoloji dəstəkdir. C.D.Vensin Nikol Paşinyanla görüşdən sonra verdiyi açıqlamalar Vaşinqtonun bu ölkəyə milyardlarla dollar yatırım etməyə hazır olduğunu göstərir.
Məlumata görə, TRIPP fondu vasitəsilə Ermənistana ilkin mərhələdə 5 milyard dollar özəl kapital yatırılması, ikinci mərhələdə isə əlavə 4 milyard dollar investisiya planlaşdırılır. Bununla yanaşı, 11 milyon dollar dəyərində kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarının satışı təsdiqlənib. ABŞ mediasının və “Azadlıq radiosu”nun məlumatına əsasən, Vaşinqtonun Ermənistanın nüvə energetikası sektoruna 9 milyard dollar investisiya yatırmaq niyyəti də var.
Professor Qulu Məhərrəmli hesab edir ki, bu rəqəmlər təkcə iqtisadi dəstək deyil, Ermənistanın təhlükəsizlik arxitekturasının yenidən qurulması cəhdidir.
Vaşinqtonun əsas hədəfi: Ermənistanı Rusiyadan qoparmaq
Təhlildə qeyd olunur ki, ABŞ-ın bu siyasətinin strateji məqsədi Ermənistanı tədricən Rusiyanın hərbi-siyasi təsir dairəsindən çıxarmaqdır. Moskvanın Ukrayna müharibəsi fonunda zəifləməsi, KTMT-nin faktiki iflasa uğraması və Rusiya-Ermənistan münasibətlərində artan gərginlik Vaşinqton üçün “tarixi imkan pəncərəsi” yaradıb.
Qulu Məhərrəmli bildirir ki, ABŞ Ermənistanı yalnız iqtisadi baxımdan deyil, təhlükəsizlik və texnoloji sahədə də öz orbitinə çəkmək istəyir. Dron texnologiyaları, enerji layihələri və özəl kapital axını Ermənistanın Rusiyaya alternativlər axtarmasına stimul verir.
Amma bu ssenari nə dərəcədə realdır?
Professorun fikrincə, ABŞ-ın planları ciddi maneələrlə üzləşə bilər. Ermənistan onilliklərdir ki, Rusiya ilə dərin hərbi, iqtisadi və enerji asılılığı içindədir. Ölkədə Rusiyanın hərbi bazaları mövcuddur, enerji infrastrukturu Moskvanın nəzarətindədir və Ermənistan cəmiyyətində Rusiyaya bağlılıq hələ də güclü olaraq qalır.
Digər tərəfdən, ABŞ-ın verdiyi vədlərin tam və vaxtında reallaşacağına dair suallar da az deyil. Qulu Məhərrəmli qeyd edir ki, Vaşinqton bəzən geosiyasi maraqlar naminə böyük vədlər verir, lakin proses uzandıqca prioritetlər dəyişə bilər.
Rusiya susmayacaq
Təhlildə vurğulanır ki, Moskva bu prosesləri sakit izləməyəcək. Kremlin ideoloji ruporu kimi tanınan Vladimir Solovyov və digər rus təbliğatçıları artıq Ermənistanın “Qərbə meyillənməsi” mövzusunda sərt ritorikaya başlayıblar. Bu isə göstərir ki, Rusiya Ermənistandan asanlıqla imtina etmək niyyətində deyil.
Nəticə: Ermənistan geosiyasi risk zonasında
Professor Qulu Məhərrəmli yekunda bildirir ki, Ermənistan bu gün iki güc mərkəzi arasında sıxılmış vəziyyətdədir. ABŞ-ın təklif etdiyi milyardlar cazibədar görünsə də, bu yol ciddi siyasi və təhlükəsizlik riskləri daşıyır. Ermənistanın Rusiyanın “cangından” çıxarılması mümkün ola bilər, lakin bu proses sürətli və ağrısız olmayacaq.
Bu geosiyasi oyun isə təkcə Ermənistanı deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik balansını yenidən formalaşdırmaq potensialına malikdir.


Mənbə: Azərbaycan.media
