Azərbaycan.media xəbər verir ki, Rusiya Ukraynada fəaliyyət göstərən ABŞ şirkətlərinə məxsus obyektlərə məqsədli zərbələr endirməyə başlayıb.
Məlumata görə, bu barədə “New York Times” nəşri yazıb və bildirilib ki, zərbələr əsasən iri Amerika brendlərinə aid infrastrukturu əhatə edir.
Qeyd olunur ki, Ukraynada ABŞ şirkətlərinin ümumi iştirakı nisbətən məhduddur və təxminən 120 müəssisəni əhatə edir. Bunlar arasında “McDonald’s”, “Coca-Cola”, “Boeing”, “Mondelez International”, “Philip Morris International” və “Cargill” kimi qlobal şirkətlərin də adı çəkilir.
Məlumatda bildirilir ki, ötən yaydan etibarən bu şirkətlərlə əlaqəli obyektlərə bir neçə dəfə hücumlar həyata keçirilib. Aprel ayında isə “Cargill”ə məxsus taxıl terminalına ardıcıl pilotsuz uçuş aparatları ilə zərbə endirildiyi qeyd olunur.
Həmçinin vurğulanır ki, korporasiyalar bu hücumlarla bağlı ictimai açıqlamalar verməkdə ehtiyatlı davranır, çünki bu, investorlar və sığorta bazarında əlavə narahatlıqlara səbəb ola bilər.
Ekspertlərin bir hissəsi hesab edir ki, bu hücumlar Ukrayna iqtisadiyyatına təzyiq göstərmək məqsədi daşıyan daha geniş strategiyanın tərkib hissəsidir. Digər yanaşmaya görə isə məqsəd ABŞ investisiyalarını Ukraynadan uzaqlaşdırmaq və iqtisadi əlaqələri zəiflətməkdir.
