🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dua Lipa “Samsung”u məhkəməyə verdi – 15 milyon dollar təzminat tələb edir

Azərbaycan.media xəbər verir ki, dünya şöhrətli müğənni Dua Lipa Samsung şirkətinə qarşı 15 milyon dollar məbləğində məhkəmə iddiası qaldırıb.
“The Guardian” nəşrinin yaydığı məlumata görə, sənətçi elektronika nəhəngini onun fotosundan icazəsiz istifadə etməkdə ittiham edir. Bildirilir ki, şirkət 2025-ci ildə ABŞ bazarında satışa çıxarılan televiziya qutularının üzərində Dua Lipanın şəklini yerləşdirib.
İddia sənədində qeyd olunub ki, sözügedən foto 2024-cü ildə keçirilən Austin City Limits Music Festival zamanı kulisdə çəkilib və görüntünün hüquqları müğənniyə məxsusdur. Dua Lipa bildirib ki, o, heç vaxt “Samsung”un reklam kampaniyasında iştirak etməyə razılıq verməyib.
Müğənni şirkəti müəllif hüquqlarını pozmaqda, onun imicindən qanunsuz istifadə etməkdə və ictimaiyyətdə tərəflər arasında əməkdaşlıq olduğu barədə yanlış təsəvvür yaratmaqda günahlandırır. İddiada vurğulanır ki, şirkət sənətçinin populyarlığından və pərəstişkar auditoriyasından kommersiya məqsədilə yararlanıb.
Dua Lipanın hüquq nümayəndələri qeyd ediblər ki, müğənni reklam müqavilələrinə olduqca seçici yanaşır. O, indiyədək yalnız Apple, Porsche, Versace, Bvlgari və Nespresso kimi məşhur brendlərlə əməkdaşlıq edib.