Azərbaycan.media xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Şamaxı” üzərində 2:1 hesablı qələbəni dəyərləndirib.
Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, qarşılaşmada xarakter və mübarizə həlledici olub:
“Çox vacib üç xal qazandıq. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissədə “Şamaxı” bizdən daha istəkli görünürdü. Fasilədən sonra isə biz daha yaxşı idik. Qələbə qazanmağımız çox önəmli idi. “Şamaxı” kimi komandanı formalaşdırdığı üçün Ayxan Abbasovu da təbrik edirəm”.
Baş məşqçi qarşıdakı oyunlarla bağlı da fikirlərini bölüşüb:
“Bu heyət son matçı buraxmışdı. “İmişli” ilə oyunda da dəyişikliklər mümkündür. Bəzi futbolçulardan narazılığım var. Elə nüanslar var ki, özlərini sübut etməlidirlər. Hələ bir neçə günümüz var. Fərqli yanaşma da ola bilər, oyun zamanı fərqli seçimlər də edə bilərik. İnanıram ki, sonda düzgün qərar verəcəyik”, – deyə Qurban Qurbanov qeyd edib.
