🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistan Respublikasının Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumun əsas məqsədi Azərbaycan və Özbək xalqları arasında mövcud olan tarixi, mədəni və etnik yaxınlıq zəminində teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, yaradıcı əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsidir.

Sənədə əsasən tərəflər rejissor, aktyor, rəssam və dramaturqlar arasında qarşılıqlı təcrübə mübadiləsi aparacaq, birgə tamaşalar hazırlayacaq, qastrol səfərləri təşkil edəcək, beynəlxalq festivallarda iştirak edəcək, həmçinin ustad dərsləri və yaradıcı görüşlər keçirəcəklər. Bununla yanaşı, hər iki ölkənin ən yaxşı yerli və dünya dramaturgiyası nümunələrinin qarşılıqlı şəkildə səhnələşdirilməsi də nəzərdə tutulur.

Memorandum Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Adil oğlu Bəhramlı və Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrının direktoru Paraxat Mamudov tərəfindən imzalanıb.

İmzalanma mərasimində Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı və teatrın quruluşçu rejissoru Əsgər Əsgərov da iştirak ediblər. Tanınmış sənət adamlarının mərasimdə iştirakı sənədin teatr ictimaiyyəti üçün əhəmiyyətini bir daha vurğulayıb.

 

Mənbə: Azərbaycan.media