Azərbaycan.media xəbər verir ki, qiyabi doktorantların dissertasiya müdafiəsi mərhələsində hərbi xidmətə çağırılması son dövrlər elmi ictimaiyyətdə ciddi narahatlıq doğurur. Mövcud qanunvericilikdə doktorantura səviyyəsində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ nəzərdə tutulsa da, bu hüquq əsasən əyani doktorantlara şamil olunur, qiyabi təhsil alanlarla bağlı isə konkret tənzimləmə mövcud deyil.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova saytımıza açıqlamasında bildirib ki, xüsusilə ilkin müdafiəyə buraxıldıqdan sonra qiyabi doktorantların hərbi xidmətə çağırılması elmi prosesin yarımçıq qalmasına səbəb olur. Deputatın sözlərinə görə, bir çox hallarda doktorantlar ilkin müdafiədən sonra cəmi 5–6 ay ərzində əsas müdafiə mərhələsinə keçə biləcək durumda olurlar.
Elnarə Akimova qeyd edib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdə doktorantura səviyyəsində təhsil alanlara möhlət hüququnun tanınması elmin dövlət üçün strateji əhəmiyyət daşıdığını göstərir. Onun fikrincə, qanunun mahiyyətinə uyğun olaraq bu möhlət dissertasiya müdafiəsi mərhələsini də əhatə etməlidir.
Deputat vurğulayıb ki, praktikada əsas problem təhsil forması ilə bağlıdır. Möhlət hüququnun əyani doktorantlara şamil edilməsi, qiyabi doktorantlarla bağlı isə birmənalı mexanizmin olmaması müxtəlif yanaşmalara yol açır. Nəticədə bəzi qiyabi doktorantlar ilkin müdafiəyə buraxıldıqdan dərhal sonra hərbi xidmətə çağırılır.
Onun sözlərinə görə, ilkin müdafiəyə buraxılma faktı doktorantın elmi işinin əsas hissəsini tamamladığını göstərir və bu mərhələdə qısa müddətli möhlətin verilməsi həm elmə sərf olunmuş intellektual resursların qorunması, həm də insan kapitalının səmərəli istifadəsi baxımından məqsədəuyğundur.
Elnarə Akimova əlavə edib ki, hazırda qiyabi doktorantların ilkin müdafiədən sonra möhlət hüququnun ayrıca və dəqiq tənzimlənməsinə dair xüsusi qanun layihəsi mövcud deyil və məsələ əsasən icra mexanizmləri çərçivəsində həll olunur. Deputat hesab edir ki, bu sahədə daha aydın hüquqi mexanizmlərin formalaşdırılması elmi mühitdə yaranan narahatlığın aradan qaldırılmasına mühüm töhfə verə bilər.
