Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Kəmalə Mirzəyeva “Öz qəbrini qazan” kitabının təqdimat mərasimindən öncə jurnalistlərə açıqlamasında bildirib ki, söz insanların arasında körpü rolunu oynayır və o, bu körpünü kitabında yaratmağa çalışıb.
Yazıçının sözlərinə görə, “Öz qəbrini qazan” kitabında hekayə, povest və pyeslər toplanıb və onları birləşdirən əsas xətt insan taleyidir.
“Kitabdakı hekayələrin çoxu yaşanmış hadisələrə, gündəlik müşahidələrimizə, düşüncələrimizə, qarşımıza çıxanlara və arzu etdiklərimizə əsaslanır. Kitabın ən böyük gözəlliyi və özəlliyi ondadır ki, bu nəşr geniş oxucu auditoriyasına çata bilir və oxucuların qəlbində yer tapa bilir. Mən çalışmışam ki, bu kitab oxucuların qəlbində öz yerini tapsın. Bəlkə də, kitabdakı obrazlar oxucuların özləridir. Ədəbiyyat bizim aramızdakı məsafələri aradan qaldırır. Kitabı yazarkən məqsədim oxucu ilə üzbəüz dayanmaq olub”, – Kəmalə Mirzəyeva əlavə edib.
