Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın enerji infrastrukturlarının da hərbi obyektlər kimi Ukraynanın zərbələri üçün qanuni hədəf olduğunu bəyan edib.
Zelenski bildirib ki, hərbi obyektlə enerji infrastrukturu arasında seçim etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin enerji resurslarını satmaqla əldə etdiyi vəsaiti silahlanmaya yönəldir və bu silahlar ukraynalılara qarşı istifadə olunur.
“Biz hərbi hədəfi vurmaqla enerji obyektini vurmaq arasında seçim etməməliyik. O, bu enerjini satır, neft satır və pul qazanır. Bu pullar silahlara yatırılır. Həmin silahlar isə ukraynalıları öldürmək üçün istifadə olunur. Bu baxımdan enerji obyektləri ilə hərbi hədəflər arasında fərq yoxdur”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, ölkəsinin qarşısında iki əsas yol var: ya silah istehsal edib birbaşa rus hərbi texnikasına zərbə endirmək, ya da Rusiyanın maliyyə mənbəyinə – yəni enerji sektoruna zərbə vurmaq. Onun fikrincə, hər iki yanaşma Rusiyanın müharibə aparmaq imkanlarını zəiflətməyə xidmət edir.
