Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Cırtdan Meqa Şousu” bu il də ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil edilib.
“Cırtdan: Zamanda Səyahət” adlı şou Bakı Konqres Mərkəzinin səhnəsində nümayiş etdirilib. Tamaşanın ilk seansı uşaq evlərində, internat və xüsusi internat məktəblərində böyüyən balaca qonaqlar üçün təşkil olunub. Bu çərçivədə 17 uşaq müəssisəsindən gələn ümumilikdə 948 nəfər şou proqramını izləyib.
Tədbir zamanı IDEA İctimai Birliyinin könüllüləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub. Yeni il ərəfəsində keçirilən rəngarəng və maraqlı tamaşa balaca izləyicilərə unudulmaz anlar yaşadaraq onlara bayram əhval-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial və ekoloji sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Bu cür tədbirlər himayədən məhrum və xüsusi diqqətə ehtiyacı olan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə davamlı olaraq reallaşdırılır.
