Azərbaycan.media xəbər verir ki, Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan jurnalist, “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi “Ərdoğandan sonrakı dövr” ətrafında aparılan müzakirələrə dair diqqətçəkən məqalə ilə çıxış edib.
Selvi yazısında bildirir ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) daxilində “Ərdoğan sonrası” mövzusu üzərindən süni qarşıdurma və fitnə yaratmağa cəhd göstərilir. Onun fikrincə, bu prosesin əsas məqsədi partiyanın aparıcı fiqurlarını bir-birinə qarşı qoymaqdır.
Jurnalist vurğulayır ki, bu cür ssenarilər Türkiyə siyasi tarixində daha əvvəl də tətbiq edilib. O, Turqut Özal sonrası ANAP-da, Süleyman Dəmirəl sonrası isə DYP-də oxşar daxili parçalanmaların yaşandığını və həmin partiyaların bundan ciddi zərər gördüyünü xatırladır.
Selviyə görə, indi eyni plan “Ərdoğan sonrası” adı altında AK Partiya üçün gündəmə gətirilə bilər. O, mövqeyini açıq şəkildə ifadə edərək bildirir ki, “Ərdoğan sonrası yenə Ərdoğandır”.
Məqalədə Rəcəb Tayyib Ərdoğanın liderliyi xüsusi vurğulanır. Selvi qeyd edir ki, AK Partiya 23 ildir hakimiyyətdədir və bu dövrdə partiyanın daxilindən iki prezident, dörd baş nazir çıxıb. Onun qənaətincə, belə bir siyasi keçmişə malik olan və hazırda da ölkəni idarə edən güclü lider mövcud olduğu halda, alternativ lider axtarışına başlamaq məntiqsizdir.
Yazıda Türkiyənin regional və qlobal baxımdan son dərəcə həssas bir mərhələdən keçdiyi də qeyd olunur. Selvi bildirir ki, dünyada hətta üçüncü dünya müharibəsinin müzakirə edildiyi bir dövrdə Türkiyənin təcrübəli siyasi və dövlət xadiminə sahib olması ciddi üstünlükdür. Bu kontekstdə o, müxalifət liderlərini də tənqid edərək ölkənin taleyinin kimlərə etibar ediləcəyi sualını gündəmə gətirir.
Məqalənin ən diqqətçəkən məqamlarından biri isə “Ərdoğan sonrası” müzakirələrində hədəfə çevrilə biləcəyi iddia olunan dörd adla bağlıdır. Selvi hakim partiya daxilində daha çox ön plana çıxan şəxslər kimi aşağıdakı adları qeyd edir:
Xarici işlər naziri Hakan Fidan
Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın
Prezidentin oğlu Bilal Ərdoğan
“Baykar” şirkətinin rəhbəri, Ərdoğanın kürəkəni Selçuk Bayraktar
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2014-cü ildə Türkiyə prezidenti seçilib, 2018 və 2023-cü illərdə isə yenidən dövlət başçısı postunu qoruyub. Onun hazırkı səlahiyyət müddəti 2028-ci ilin may ayında başa çatır. Konstitusiyaya əsasən prezident iki dəfə seçilə bilər, lakin 2023-cü il seçkiləri parlamentin növbədənkənar qərarı ilə keçirildiyi üçün Ərdoğanın namizədliyi mümkün olub. 2028-ci ildən sonra yenidən namizəd olub-olmayacağı isə hələ də hüquqi və siyasi baxımdan açıq sual olaraq qalır.
