Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollar dəyərində hava-hava raketlərinin satışını təsdiqləyib.
Bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışına cavabdeh olan Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Açıqlamaya əsasən, Danimarka hökuməti ABŞ-dan 236 ədəd AMRAAM-ER (Qabaqcıl Orta Mənzilli Hava-Hava Raketi) və bu raketlərə aid avadanlıqların alınması üçün müraciət edib.
Sənəddə qeyd olunur ki, təklif edilən satış NATO müttəfiqinin təhlükəsizliyinin gücləndirilməsinə xidmət etməklə yanaşı, ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə də uyğundur.
ABŞ administrasiyası artıq Konqresi raketlərin potensial satışı ilə bağlı qərar barədə məlumatlandırıb. Qanunverici orqanın sözügedən müqaviləni nəzərdən keçirmək və onun qarşısını almaq üçün 30 gün vaxtı var.
