Azərbaycan.media xəbər verir ki, son illər dünyanın müxtəlif ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı həyata keçirilən pilot layihələr bu modeli yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib. Böyük Britaniya, İspaniya, Yaponiya və digər ölkələrdə sınaqdan keçirilən yeni iş rejiminin əmək məhsuldarlığına, işçi məmnunluğuna və iş-həyat balansına müsbət təsir göstərdiyi bildirilir.
Mövzu ilə bağlı Milli Məclisin Milli Məclis İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, müasir dünyada aktuallığı artan sosial-iqtisadi layihələr arasında dörd günlük iş həftəsi xüsusi yer tutur.
Deputatın sözlərinə görə, bu modelin əsas məqsədi işçilərin asudə vaxtını artırmaq, rifahını yaxşılaşdırmaq, motivasiya və məhsuldarlığı yüksəltməkdir. O qeyd edib ki, müxtəlif ölkələrdə iş saatlarının saxlanılması və ya azaldılması şərti ilə maaşların dəyişmədiyi modellər tətbiq edilir.
Əli Məsimli vurğulayıb ki, Böyük Britaniya, İspaniya, Portuqaliya, İslandiya, eləcə də Yaponiya və Birləşmiş Ərəb Əmirliklərində dörd günlük iş həftəsi qismən tətbiq olunur və ya pilot layihə kimi sınaqdan keçirilir. İlkin nəticələr isə işçilərin fiziki və psixi sağlamlığının yaxşılaşdığını, motivasiyanın və əmək məhsuldarlığının artdığını göstərir.
Deputat hesab edir ki, nəzəri baxımdan Azərbaycanda da müəyyən sahələrdə bu modelin tətbiqi mümkündür. Bununla belə, o bildirib ki, məsələyə real şərait nəzərə alınaraq yanaşılmalıdır.
Onun sözlərinə görə, hazırda bəzi sahələrdə, xüsusilə xidmət sektorunda iş saatları qanunvericilikdə nəzərdə tutulandan daha çoxdur və əlavə iş saatlarına görə ödənişlə bağlı tələblərə hər zaman əməl edilmir.
Əli Məsimli qeyd edib ki, 4 günlük iş həftəsinə keçid üçün ilk növbədə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi, rəqəmsallaşmanın genişləndirilməsi və pilot layihələrin həyata keçirilməsi vacibdir.
Deputatın fikrincə, ən optimal variant bu modelin əvvəlcə pilot layihələr şəklində tətbiq olunması və əldə ediləcək nəticələr əsasında mərhələli keçidin qiymətləndirilməsidir.
