“Narkomaniya təkcə bir ölkənin deyil, bütün dünyanın problemidir. Biz övladlarımızla dost olmağı bacarsaq, kənar şəxslərin pis vərdişləri qapımızı döyməyəcək.”
— Könül Həbibqızı, “Dünya” Müstəqil Teleradio Şirkətinin baş aparıcısı
Müasir dövrün ən təhlükəli və ağrılı problemlərindən biri — narkomaniya — bütün dünyada sürətlə yayılmaqdadır. “Dünya” Müstəqil Teleradio Şirkətinin baş aparıcısı Könül Həbibqızı Azərbaycan.media saytının Qaranlıqdan işığa rubrikası üçün müsahibəsində bildirib ki, bu bəşəri bəla artıq qlobal miqyas alıb və yüz milyonlarla insanın həyatına təsir edir.
“Hazırda yer kürəsinin 250 milyon sakini narkotik asılılığından əziyyət çəkir. Onların 47 milyonu Latın Amerikası, 750 mini isə Avropa Birliyi ölkələrinin payına düşür. MDB və Asiya ölkələrində bu göstərici 26 milyondan artıqdır. Bu, artıq həyəcan təbilidir”, — deyə aparıcı vurğulayıb.
“Statistikadan kənarda qalanlar daha çoxdur”
Könül Həbibqızı hesab edir ki, narkomaniya ilə bağlı rəsmi rəqəmlər real vəziyyəti tam əks etdirmir:
“Çünki narkotik istifadəçilərinin çoxu qeydiyyata düşmür. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçməyib. Baxmayaraq ki, ölkəmizdə vəziyyət bəzi ölkələrlə müqayisədə daha yaxşıdır, problem yenə də mövcuddur.”
Aparıcı xatırladıb ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub:
“1996-cı ildə imzalanmış fərmanla bu istiqamətdə mübarizə rəsmi şəkildə başlanıb. Prezident İlham Əliyev həmin strategiyanı uğurla davam etdirir, dövlət proqramları qəbul olunur və sistemli tədbirlər həyata keçirilir.”
“Hər şey ailədən başlayır”
Könül Həbibqızının fikrincə, narkomaniyaya qarşı ilk və ən təsirli mübarizə ailədən başlanmalıdır:
“Şəxsiyyətin formalaşmasında ailə birinci yerdə dayanır. Əgər biz övladlarımızla dost ola bilsək, onlar bizə inanacaq və kənar təsirlərə uymayacaqlar. Elə o zaman pis vərdişlər qapımızı döyməyəcək.”
O, xüsusilə məktəblər və valideynlər arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib:
“Məktəb-valideyn münasibətləri möhkəm olmalıdır. “Mən dərsimi dedim, işim bitdi” və ya “övlad mənimdir, siz qarışmayın” düşüncələri olmamalıdır. Biz bu məsələdə bir olmalıyıq.”
“Maarifləndirmə işləri daha da gücləndirilməlidir”
Aparıcı hesab edir ki, narkomaniyaya qarşı mübarizədə maarifçilik həlledici rol oynayır:
“Metroda, avtobuslarda “Narkomaniyaya yox!” şüarları çox yaxşı təşəbbüsdür, amma bu prosesə peşəkarların dəstəyi də vacibdir. Uşaqlarımızla erkən yaşdan bu mövzuda açıq danışmaq lazımdır.”
Onun sözlərinə görə, bu sahədə yalnız dövlət deyil, hər bir vətəndaş da məsuliyyət daşıyır:
“Müəllim, həkim, jurnalist, idmançı — hamımız bir yumruq kimi birləşməliyik. Necə ki, 44 günlük müharibədə birlik göstərdik, bu müharibədə də — narkomaniyaya qarşı mübarizədə də qalib gəlməliyik.”
Sonda Könül Həbibqızı hər kəsi sağlam həyata səsləyib:
“Azərbaycanımız gözəldir, onun igid övladları var. Niyə bu gözəllik narkomaniyanın qurbanı olsun? Gəlin, bir-birimizə dayaq olaq və bu bəladan uzaq duraq. Gəlin, hamılıqla deyək — narkotikə yox!”
Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
