🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sözün doğma bildiyi adam– İsa İsmayılzadə-85

Günel Natiq yazır

 

Kürün uğultusu aparıb məni,
Suyun şırıltısı çəkib aparıb.
Sehrli ilğımlar əl eləməklə
Aparıb, yaxama çöküb aparıb.
Məni bu dünyaya bir də, yenidən
Bəlkə o uğultu gətirə bildi,
Bəlkə o şırıltı gətirə bildi.
Bəlkə o ilğımlar sehrli yolla
Məni bu dünyaya ötürə bildi.

Sözündən ruhunu tanıdığım, bəlkə də ən uzaq və ən doğma adamlardan olan İsa İsmayılzadə…

Kim idi Isa İsmayılzadə? 70-ci illər Azərbaycan poeziyasının ən yenilikçi şairlərindən, söz adamlarından biri. Heç kimə bənzəmirdi; poeziyaya öz səsi ilə gəlmişdi. Sözü iliyinə qədər duyduğu üçün söz də onu öz doğması bilmiş, bağrına basmışdı. Həyatının bütün çağlarında sözə qahmar çıxar, ona kölgə salan hər nəsnə ilə döyüşərdi.

Atamla yaxın dost idilər, gənclikləri bir yerdə keçmişdi. Mən uşaq olanda bizi həvəslə bağına qonaq apardığını xatırlayıram. Abşeronun özünəməxsus, qulaqbatırıcı sakitliyinə bürünmüş sadə bir bağ idi. Şairin bir az vasvası səliqəsi qumların narınlığında da özünü göstərirdi. Sonra bir mənzərə bizi xüsusilə heyrətləndirmişdi: üzüm tənəkləri böyük bir çuxurda əkilmişdi. Şair izah etmişdi ki, tənəklər beləliklə torpağa daha yaxın, küləyə isə daha uzaq olur.

İsa İsmayılzadənin sözdən sonra ən çox sevdiyi dünya şahmat idi. Ümumiyyətlə, şahmat atamgilin ədəbi nəslinin sevimli məşğuliyyətlərindən idi. Bir araya gələndə şahmatla fikir dünyası arasında körpü qurardılar. Atamı tez-tez evlərinə qonaq aparar, saatlarla şahmat oynayardılar.

Sonralar Radioda işə başlayanda İsa müəllimlə iş yoldaşı olduq. O, mənim yaddaşımda həmişə həmin sakit, azdanışan, bir qədər utancaq fikir adamı kimi qaldı. Həmişə studiyaya tələsər, vaxtını yalnız sözə və şahmata həsr edərdi.

Bizim redaksiya Xalq yaradıcılığı redaksiyası idi. Bu redaksiyanı Mövlud müəllim öz təşəbbüsü ilə yaratmışdı və ruhən ən doğma saydığı bu ocağı qələminə, sözünə güvəndiyi dostlarına etibar etmişdi. Baş redaktor Vaqif Əlixanlı, şöbə müdirləri Məmməd Oruc və Əhməd Oğuz, redaktorlar Tanrıqulu Əliyev, Akif Səməd, Hacı müəllim…

Səhərdən axşama qədər redaksiyada qızğın şahmat oyunları gedirdi. Əhməd Oğuzun, Tanrıqulu Əliyevin və Hacı müəllimin şahmat sevgisi dərin idi. İsa İsmayılzadə də tez-tez redaksiyamıza gələr, ya oyuna qoşular, ya da maraqla tamaşa edərdi.

Vaqif Əlixanlı çox həlim, mülayim insan idi. Dostlarının şahmat azartına heç vaxt söz deməzdi. Yuxarı başdakı kreslosuna söykənər, pəncərədən insana hüzur verən Xəzərə baxardı. Pəncərəmiz Dağüstü parka açılırdı.

İsa İsmayılzadə Musiqi redaksiyasında işləyirdi; sözün nəfəsini musiqidə axtarardı. Mahnı mətnlərinə həsr etdiyi proqramına həmişə maraqla qulaq asardım. Şeir ölçüsünə sığmayan, musiqi ahəngindən məhrum mətnləri sərt təhlil edər, sözə yad nəfəsi bağışlamazdı.

İsa İsmayılzadənin hər şeirinin öz taleyi var. Bu şeirinin taleyi isə məni həmişə düşündürüb:

Neyləyim,
mən səni sevə bilmədim,
Adsız çiçəkləri, otları sevdim,
Tanışları sevdim, yadları sevdim,
Ürəyimə yatan adları sevdim,
Neyləyim,
tək səni sevə bilmədim.

Şeirlərini oxuyarkən İsa İsmayılzadəni Söz kimi təsəvvür edirəm; ən vacib olan, amma çoxlarının fərqinə varmadığı böyük, tənha Söz kimi. Sözün doğma bildiyi adamları sözdən ayırmaq günah olardı.

Sızladım qarışqa yuvası üstə,
Göynədim “Sarıtel” havası üstə.
Dünyanın məhəbbət “davası” üstə
Tək səni,
tək səni sevə bilmədim.

Onun şeirləri həmişə başucumdadır. Elə anlarda qarşıma çıxır ki, həmin anlar yalnız Söz məqamına məxsus olur. Əsl poeziyaya ehtiyac duyanda başqa heç bir sözə ehtiyac qalmır.

Qatarlarda, təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini.
Ora-bura sürüməkdən
bezdirirəm həsrətini…

Onun sevdiyi qızla ayrılığı təsvir etdiyi bu şeirin poetik dərinliyi məni hər dəfə sarsıdır.
Sən qanadlı xəbər kimi,
yad qapını açan gündən –
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada.
Qatarlarda, təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini.

Onunla birlikdə Tbilisi–Bakı, Bakı–Tbilisi yollarında hərəkət edən qatar vaqonlarındayam; ayrılığın yolunu ölçürəm.

Ömrümdən bir qatar keçər həmişə —
Bakı–Tbilisi, Tbilisi–Bakı…

Ağbirçək atasının, ağsaqqal anasının darvazadan çıxıb həyəcanla yol gözləyən baxışlarını özündə daşıyan, sonra da həmin həsrətlə yurddan ayrılan qatarlar…

Sonra mənim toyumda
Əlləri ağır-ağır qalxacaqdı çiyninə
“Ənzəli” havasına…

Ömrümdən bir qatar keçər həmişə —
Bakı–Tbilisi, Tbilisi–Bakı…

Söz nə qədər böyükdürsə, sən də bir o qədər böyüksən, İsa İsmayılzadə…

Keçim Qarayazı düzənliyindən…
Yəhərbel təpələr çıxsın qarşıma,
Gözümün önündə ilxıya dönsün.
Dəli qulun kimi qışqıran səma…

İsa İsmayılzadə bu dünyadan bir söz kimi keçdi, elə söz kimi də köçdü. Amma inanıram ki, əgər o tərəfdə bir həyat varsa, onun qələmi hələ də susmayıb; yazır… Bəlkə də indicə dostlarına, elə atam Natiq Səfərova yeni şeirlərini oxuyur. Bəlkə orda, zamanın fövqündə yenə o köhnə, bitməyən şahmat oyunu qurulub: Natiq Səfərov, Vidadi Məmmədov, Vidadi Paşayev, Azər Abdulla, Ələkbər Salahzadə, Şahmar Hüseynov, Mövlud Süleymanlı, İntiqam Mehdizadə, Tofiq Abdin, Camal Yusifzadə, Kamil Vəliyev… Vaqif Əlixanlı isə, hər zamankı kimi, gözlərini yenə o məlum uzaqlara zilləyib, gəlib çıxmayan hansısa uzaq bir sözün yolunu gözləyir…

 

Müəllif: Günel Natiq

Mənbə: Azərbaycan Media